...

Rino Harniş: "ABŞ Azərbaycanda 6 noyabr parlament seçkiləri zamanı qeydə alınmış qanun pozuntularının aradan qaldırılacağına ümid edir"

Siyasət Materials 10 Noyabr 2005 15:34 (UTC +04:00)
Rino Harniş: "ABŞ Azərbaycanda 6 noyabr parlament seçkiləri zamanı qeydə alınmış qanun pozuntularının aradan qaldırılacağına ümid edir"

"ABŞ Azərbaycanda 6 noyabr parlament seçkiləri zamanı qeydə alınmış qanun pozuntularının vaxtında aradan qaldırılacağına, ölkənin Seçki Məcəlləsini pozmuş şəxslərin isə cəzalandırılacağına ümid edir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

"Vaşinqton Azərbaycan hökumətini seçki protokollarını diqqətlə araşdırmağa və deputat mandatını daha çox səs toplamış namizədlərə verməyə çağırır. MSK-ya daxil olmuş bütün şikayətlərə isə diqqətlə baxılmalıdır", - deyə o qeyd edib.

Səfir əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən qanunvericiliyin pozulması faktlarının üzə çıxarılması nəticəsində bəzi seçki dairələrində səsvermənin nəticələri ləğv olunub.

R.Harniş qeyd edib ki, ABŞ hökuməti tərəfindən maliyyələşən "exit poll" keçirmiş PA Consulting şirkəti öz işini dəqiqliklə yerinə yetirib və o, "exit poll"un nəticələrinin düzgünlüyünə şübhə etmir. "PA Consulting-in obyektiv üsuldan istifadə edərək keçirdiyi sorğuda çoxlu sayda seçici iştirak edib. Hesab edirəm ki, "exit poll"un keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edib. Öz növbəsində, bu sorğu da vacib siyasi əhəmiyyətə malikdir və düşünürəm ki, bütün bunlar respublikada gələcək proseslərdə öz əksini tapacaq", - deyə səfir bildirib.

Sonda amerikalı diplomat bəyan edib ki, ABŞ sərbəst toplaşmaq hüququnu dəstəkləyir. "Nümayişlər ona görə lazımdır ki, vətəndaşlar öz arzularını sərbəst şəkildə bildirə bilsinlər", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti