...

Mahmud Məmmədquliyev: "Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının effektivliyinin artmasında maraqlıdır"

Siyasət Materials 11 Noyabr 2005 10:45 (UTC +04:00)
Mahmud Məmmədquliyev: "Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının effektivliyinin artmasında maraqlıdır"

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə yenidən baxılması təşəbbüsünün həyata keçirilməsində təkid edəcək. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O qeyd edib ki, bu məsələ Bakının QİƏT çərçivəsində "əsas təşəbbüsüdür" ki, bu da təşkilatın effektivliyin artmasına imkan verəcək.

"Hesab edirik ki, qərarların qəbul prosedurları və mexanizmləri, həmçinin, QİƏT katibliyinə verilmiş səlahiyyətlər bu günün tələblərinə cavab vermir. QİƏT-in regionda vəziyyətlə bağlı yeni dəyişikliklərə və qlobal miqyasda bütün proseslərə cavab verə bilməsi isə vacibdir", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının bu məsələ ilə bağlı qərarı qətidir və təşkilat bir sıra məsələlərə yenidən baxmalıdır. "Bu, Azərbaycanın təşəbbüsüdür və biz onun həyata keçirilməsində israrlıyıq", - deyə M.Məmmədquliyev əlavə edib.

Diplomat xatırladıb ki, hazırda təşkilata Rumıniya başçılıq edir, buna görə də müəyyən tədbirlər məhz Buxarestlə birlikdə keçiriləcək. "Bu yaxınlarda, yəni oktyabrın sonunda Kişnyovda QİƏT ölkələri Nazirlər Şurasının görüşü keçirilib. Xarici işlər nazirlərinin son görüşü 2006-cı ildə Buxarestdə keçiriləcək", - deyə nazir müavini məlumat verib.

Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması məsələsinə gəldikdə, o bildirib ki, danışıqlar prosesi hələ uzun çəkəcək.

"Rəsmi Bakı ölkələrlə xidmətlər və bazara çıxışla bağlı ikitərəfli danışıqlara təzəcə başlayıb. Bundan başqa, Azərbaycanda ticarət rejiminin öyrənilməsi prosesi də bitməyib", - deyə M.Məmmədquliyev əlavə edib.

"ÜTT standartlarına uyğun olması üçün ölkə qanunvericiliyində çoxlu dəyişikliklər edilməlidir. Buna görə də hesab edirəm ki, qarşıda hələ uzun bir yol durur", - deyə diplomat qeyd edib.

Nazir müavini sonda bildirib ki, Azərbaycanın əsas səfirliklərində həm ticarət, həm də onların yerləşdiyi ölkələrlə Azərbaycan arasında mövcud iqtisadi əlaqələr üzrə məsələlərlə məşğul olan iqtisadçı-diplomatlar fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti