...

Apellyasiya Məhkəməsi Sərdar Cəlaloğlunun şikayətini təmin etmədi

Siyasət Materials 11 Noyabr 2005 18:28 (UTC +04:00)

Noyabrın 11-də Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun Mərkəzi Seçki Komissiyasının bu dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsinə dair çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə Sərdar Cəlaloğlu məlumat verib.

Hakim Lətif Nəbiyev sədrliyi ilə keçən məhkəmə iclasında şikayətçinin iddiasını vəkil Qurban Məmmədov müdafiə edib. İclas zamanı şikayətçi tərəf bildirib ki, onların əlində olan protokollarla dairə seçki komissiyasının MSK-ya təqdim etdiyi protokollar arasında fərqlər var. Bu məsələnin aydınlaşması üçün hakim iclasda fasilə elan edərək MSK-nın Respublika
Prokurorluğuna göndərdiyi protokolların məhkəmə iclasçına gətirilməsi tapşırıb. Lakin prokurorluqdan bildiriblər ki, hazırda kütləvi dindirmələr aparıldığı üçün protokolları heç kimə verə bilməzlər.

Protokollar məhkəmə iclasına gətirilmədiyi üçün ziddiyyətli sənədlərin tutuşdurulması da baş tutmayıb. Apellyasiya Məhkəməsinin iclasında fasilədən sonra hakim qərarı elan edib. O, MKS-nın qərarını qüvvədə saxlayıb.Bu qərarın ədalətsiz və sifarişli olduğunu bildirən Sərdar Cəlaloğlu Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcək.

Qeyd edək ki, Sərdar Cəlaloğlu 6 noyabr parlament seçkisində "Azadlıq Bloku"nun 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa vahid namizədi olub. Bu seçkidə həmin dairədə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İsrafil Əliyev qalib elan olunub. Lakin S.Cəlaloğlu isə bu dairədə özünün qalib gəldiyini iddia edərək məhkəməyə şikayət ərizənsində MSK 9 saylı Binəqədi ikinci seçki dairəsində nəticələrin ləğvinə dair çıxardığı qərarın qüvvədən salınmasını və özünün qalib elan olunmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti