...

Aqşin Mehdiyev: Azərbaycanın Avropa Şurası ilə münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək

Siyasət Materials 15 Noyabr 2005 19:09 (UTC +04:00)
Aqşin Mehdiyev: Azərbaycanın Avropa Şurası ilə münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevlə müsahibə

- Azərbaycanda keçirilən parlament seçkilərinin monitorinqində Avropa Şurası Parlament Assambleyasının çoxsaylı missiyasının iştirakı nə ilə bağlıdır? Rəsmi Bakı və AŞ arasındakı qarşılıqlı münasibətlərdə bunun nəticələri necə əks etdiriləcək?

Mən Avropa Şurasının Azərbaycanda keçirilən parlament seçkilərinə göstərdiyi marağı tamamilə təbii və aydın hesab edirəm. Bu maraq AŞ-nin müasir dünyanın əsas demokratik institutlarından biri olmasından və dövlətimizə olan münasibətindən irəli gəlir. Azərbaycan AŞ-nin gənc üzvüdür və bizdə demokratik inkişaf sahəsində baş verənlər bu təşkilatın diqqətindədir. Buna görə də demokratikləşdirmə prosesinin ən mühüm tərkib hissəsi olmaqla seçkilər bu qədər diqqəti cəlb edir.

Görünür ki, seçkilər ötən seçkilərlə müqayisədə çox yaxşı keçirilib və bu, bütün qərar və hesabatlarda qeyd olunub.Seçilmiş parlamentin legitimliyi bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır.Çox təəssüf ki, ayrı-ayrı nöqsanlar da olub, amma nə etməli? Əvvəla, ideal seçkilər olmur, ikincisi, məğlub olanlar həmişə narazı qalır. Əsas odur ki, ölkəmizin rəhbərliyi və şəxsən Azərbaycan prezidenti İlham Əliyev pozuntuların yol verildiyi yerlərdə vəziyyətin doğru yoluna qoyulması üçün təcili olaraq həlledici tədbirlər həyata keçirdi. Bu, Azərbaycanda demokratiyanı inkişaf etdirmək niyyətimizi şübhə altında qoyan kəslərə layiqli cavabdır.

Mən hesab edirəm ki, ölkəmizin Avropa Şurası ilə münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək. Bizim, o cümlədən seçki praktikasının gələcəkdə təkmilləşdirilməsi sahəsində bir çox birgə layihələrimiz vardır və bunların üzərində işi davam etdirmək lazımdır. Deməli, işlərimiz yetərincədir.

- Bakıda bir sıra KİV AŞPA-nın yanvar sessiyasında Azərbaycanın yeni parlament nümayəndə heyətinin mandatına yenidən baxılması imkanı barədə ehtimallar irəli sürür. Həmin bəyanatlar nə dərəcədə əsaslandırılıb? Monitorinq nümayəndə heyətinin Bakı səfərinin yekunları üzrə hesabatların müzakirəsi nəzərdə tutulurmu?

Nazirlər komitəsinə gəlincə, artıq bizdə belə bir müzakirə yer alıb. Mənim bildiyimə görə, AŞPA-da bu, 2006-cı ilin yanvar sessiyası zamanı mümkündür. Müzakirənin yekunlarına əsasən, deyə bilərəm ki, Nazirlər Komitəsində bunlar çox sakit, sağlam və işgüzar şəraitdə keçib. Həm müsbət, həm də mənfi məqamlar qeyd olunub. Fövqəladə heç nə baş verməyib və baş verməli də deyildi. Seçkilərin nəticələri müstəqil beynəlxalq təşkilatlar tərəfindən keçirilən exit-poll-un nəticələri ilə 85-90 % uyğun gəlirsə, onda hər bir savadlı adam həmin anda xətanın mümkün dərəcəsini müəyyən edə bilər. Azərbaycan nümayəndə heyətinin mandatına və "sanksiyalar"a gəlincə, yəqin ki, indi yanvar sessiyasında nə olacağı barədə danışmaq düzcün olmazdı.

Azərbaycana qarşı hər-hansı bir sanksiya tətbiq etmək üçün əsas olmalıdır.Mənim yuxarıda qeyd etdiyim kimi, yeni parlamentin legitimliyi heç kim tərəfindən iddia edilmir, eləcə də hamı həm seçkilərə hazırlıq prosesindəki, həm də bilavasitə onların keçirilməsində müsbət dəyişiklikləri tanıyır və yalnız bəzi mövqelərə əsasən, ümumi qəbul edilmiş normalarla uyğunsuzluq qeydə alınıb. Bunlara əsasən də ölkə rəhbərliyi tərəfindən təcili olaraq müvafiq tədbirlər görüldü. Belə olan təqdirdə, hər-hansı sanksiya barədə danışmaq sadəcə ağılsızlıqdır.

Əlbəttə, mən kiminsə bu mövzuda müzakirə ilə bağlı təxribat aparması cəhdini istisna edə bilmərəm. Yəqin ki, bu baş versə, onu ermənilər dəstəkləyər... Amma mən əminəm ki, AŞPA üzvlərinin əksəriyyəti, alicənab və hörmətli şəxslər "Azərbaycanın bəzi dostları"nın rəyi ilə hesablaşmayacaq. Ona görə ki, belələri əsas vəzifəni Azərbaycana kömək etməkdə yox, onun həyatını daha da çətinləşdirməkdə görür.

- AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross müxalifəti bilavasitə "saxtalaşdırma faktlarına qarşı kəskin cavaba" çağıran bəyanat verib. Siz həmin çıxışları necə qiymətləndirirsiniz?

Mən sizin agentliyə müsahibəmdə artıq A.Qross və A.Herkelin istifadə etdiyi son dərəcə "qəribə" monitorinq metodologiyasına öz münasibətimi bildirdim.

Onlar Azərbaycan xalqının əsas problemi olan Ermənistanla münaqişəyə və bunun torpaqlarımızın işğalı, yüz minlərlə qaçqın kimi ağır nəticələrinə məhəl qoymayaraq ümumi kontekstdən ayrı-ayrı məsələləri çıxarırlar və bunları Azərbaycan barədə yazdıqlarının və yaxud danışdıqlarının həqiqətə nə dərəcədə uyğun olub-olmamasını yoxlamadan şişirdirlər.Təəsüüf ki, söhbət məruzəçilərin Ermənistan-Azərbaycan münaqişəsi üzrə sadəcə passiv mövqeyindən yox, mənim nəzərimcə, onlar tərəfindən məqsədyönlü hərəkətlərdən gedir.

Bir neçə misal gətirirəm: AŞPA-nın 2004-cü ildə keçirilən payız sessiyasında Azərbaycan üzrə məsələnin müzakirəsi zamanı A.Qross münaqişə ilə bağlı ölkəmiz üçün müsbət nəticələr doğuracaq ifadələrin Ermənistanın xeyrinə olaraq dəyişdirilməsinə şəxsən müdaxilə etdi. O, özü də etiraf etdi ki, bu ermənilərin xahişi ilə edilib.

Digər misal: Avropada münaqişələrin həllinə kömək edən muxtar regionların müsbət təcrübəsinə dair xüsusi məruzədə A.Qrossun Azərbaycan üzrə məruzəçi olaraq məhz bizim ölkədən başlamalı olduğuna baxmayaraq o, hətta Ermənistan-Azərbaycan münaqişəsini heç xatırlatmadı. Mən A.Qross və A.Herkelin əsas dəlilini eşitmişəm. Bu, odur ki, onlar Ermənistan-Azərbaycan münaqişəsi üzrə yox, demokratiya problemləri üzrə məruzəçidirlər. Amma münaqişədən kənarda Azərbaycandakı demokratiyadan necə danışmaq olar?

Konkret nümunə seçkilərdir. Seçicilərin xeyli hissəsinin, məhz yüz minlərlə qaçqın və köçkünün öz daimi yaşayış yerlərində normal səs verə bilməməsini xatırlamadan seçkilər haqqında necə danışmaq olar? Azərbaycanın erməni milliyyətindən olan və işğal olunmuş ərazilərdə yaşayan digər vətəndaşlarının çox hissəsi ümumiyyətlə bu hüquqdan məhrumdur! Axı bu, erməni təcavüzünün və işğalının birbaşa nəticəsidir.

Sizin sualınızın son hissəsinə gəlincə, cavab birmənalıdır: A.Qross və A.Herkelin öz çıxışlarında Azərbaycanı təhqir edən və bizim daxili işlərimizə qeyri-konstitusion yollarla hakimiyyət dəyişikliyinə çağırışa yönələ bilən birbaşa müdaxilə məzmunlu bəyanatları məruzəçi statusuna müvafiq deyil, belə ki, bu, Avropa Şurasının müvafiq sənədlərində müəyyən edilib.

Mən artıq çox illərdir ki, A.Qrossun, indi isə A.Herkelin hərəkətlərini diqqqətlə izləyirəm. Fakt və dəlillərlə bununla bağlı çox şey demək olar. Amma sizin oxucularınızı üzmək istəmirəm. Bunu qeyd etməklə kifayətlənirəm ki, mənim nəzərimcə, Azərbaycan parlament nümayəndə heyəti AŞPA rəhbərliyi qarşısında A.Qross və A.Herkelin digər yeni məruzəçilərlə əvəz edilməsi məsələsinin qoyulması barədə düşünməlidir.

Mənim nəzərimcə, məruzəçilər təyin olunduqda ölkəmizin özünəməxsusluğu, onun geosiyasi vəziyyəti, tarixi və mədəniyyəti mütləq nəzərə alınmalıdır.

Məruzəçi ölkədəki vəziyət barədə Avropa Şurasını yalan yox, düzgün məlumatlandırmalıdır. A.Qross və A.Herkelə gəlincə, mən istisna etmirəm ki, onların hakimiyyətin devrilməsinə dair məsləhət və tövsiyələri digər bir yerdə faydalı ola bilər. Bizə Azərbaycanda hansı rəngə boyanmasından asılı olmayaraq belə tövsiyələr lazım deyil.

Xəbər lenti

Xəbər lenti