...

"Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici məşvərət Şurası prezidentə müraciət etdi

Siyasət Materials 18 Noyabr 2005 15:19 (UTC +04:00)

"Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici Məşvərət Şurası prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasına, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq qurumlarının yerli nümayəndəliklərinə, səfirliklərə, siyasi partiya rəhbərlərinə müraciət ünvanlayıb. Trend xəbər verir ki, bu müraciət noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında səsləndirilib.

Prezidentə ünvanlanan müraciətdə 6 noyabr parlament seçkilərində yol verilən qanun pozuntuları, ayrı-ayrı dairələr üzrə baş verən saxtakarlıqlar barədə konkret faktlar əksini tapıb. Müraciət müəllifləri həmçinin MSK-nın şikayətlərə vaxtında baxmamasından, ayrı-ayrı dairələr üzrə protokollara əsasən qalib gəlmiş namizədlərin əvəzinə başqa namizədin qalib elan olunmasından, hərbi qulluqçuların səsverməsi, dövlət qulluqçularından ibarət hərbi komissiyaların yaradılmasından şikayətləniblər.

Müraciətdə 9 saylı Binəqədi ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal birinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala və digər seçki dairələrində müxalifəti təmsil edən namizədlərin daha çox səs topladığı halda başqa namizədlərin qalib elan edildiyi bildirilir. Mətbuat konfransında iştirak edən namizədlərdən Mehriban Vəzir (12 saylı Qaradağ-Binəqədi-Yasamal), Flora Kərimova (42 saylı Sumqayıt ikinci), Xuraman Vəfa (55 saylı Xaçmaz şəhər), Rövşən Vəliyev (38 saylı Nizami-Gəncə ikinci), Yaqub Məmmədov (22 saylı Nəsimi ikinci seçki dairəsi) və digərləri çıxış edərək seçki günü öz dairələri üzrə baş verən proseslərdən danışıblar. Namizədlər onların topladıqları səslərin süni şəkildə azaldıldığını, bir sıra qanun pozuntularına yol verildiyini və bunun nəticəsində də real qalib olduqları halda başqa namizədlərin qalib elan edildiyini deyiblər.

Xəbər lenti

Xəbər lenti