...

Robert Simmons: Azərbaycanın NATO-ya daxil olması barədə danışıqlar regionda sülhün bərqərar olduğu zaman mümkün ola bilər

Siyasət Materials 21 Noyabr 2005 18:43 (UTC +04:00)
Robert Simmons: Azərbaycanın NATO-ya daxil olması barədə danışıqlar regionda sülhün bərqərar olduğu zaman mümkün ola bilər

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayədəsi ilə Trend in ekskluziv müsahibəsi

Azərbaycanın XİN-də keçirilən mətbuat kofnransında Siz bəyan etmisiniz ki, Azərbaycanın NATO ilə fərdi əməkdaşlıq üzrə əsas istiqamətlərindən biri respublikada müdafiə sahəsində islahatların dəstəklənməsindən ibarətdir. Bu proqram digər hansı istiqamətləri nəzərdə tutur?

- Azərbaycanla NATO arasında əməkdaşlıq üç əsas istiqamətdə inkişaf edir. Birincisi, Azərbaycanın əməliyyat aparmaq bacarığının, daha doğrusu, əməkdaşlıq yollarının axtarışı planında Alyansla işləmək qabiliyyətinin yüksəlməsidir. İkinci aspekt respublikaya büdcənin tərtibinin, planlaşdırmanın, Müdafiə Nazirliyinin, heyətin idarə olunmasının ən yaxşı yollarının işlənib hazırlanmasında və s. yardım ola bilər. Üçüncü istiqamət diqqəti silahlı qüvvələr üzərində nəzarət yolunda cəmləşdirir, prezidentin və parlamentin Azərbaycanın Müdafiə Nazirliyinin hərbi siyasətinin icrasına ən yüksək nəzarətinin təmin edilməsidir.

- Dağlıq Qarabağ probleminin mövcudluğu Azərbaycanla NATO arasında əməkdaşlığını inkişafına mane olmurmu?

- Əlbəttə, münaqişə aparan tərəflərin özlərinin sülh dialoqu əsasında münaqişənin həlli üzrə razılığa gəlmələri daha yaxşı olardı. Hazırda münaqişənin sülh yolu ilə həllinə yönəlmiş prezidentlər və XİN rəhbərləri səviyyəsində danışıqlar aparılır. Biz çox ümid edirik ki, bu dialoq son nəticədə sülh razılaşmasının imzalanmasına gətirib çıxaracaq. Lakin biz açıq şəkildə hər iki tərəflə- Azərbaycan və Ermənistanla əməkdaşlığı davam etdiririk.

Biz ümid edirik ki, tərəflər arasında əməkdaşlıq çox faydalı ola bilər. Həm də Alyansın ayrı-ayrı dövlətlərlə deyil, ümumilikdə regionla əməkdaşlığı faydalı ola bilər. Ona görə də biz inanırıq ki, münaqişə edən tərəflər özləri münaqişənin sülh yolu ilə həlli yollarını tapa biləcəklər.

- Moskva ilə Brüsselin Cənubi Qafqazla bağlı mövqeləri üst-üstə düşürmü?

- Biz bir çox məsələlərdə, o cümlədən, Cənubi Qafqazla bağlı Rusiya ilə əməkədaşlıq edirik. Alyans Cənubi Qafqaza hər hansı digər bir regiona olduğu kimi, Rusiya ilə münaqişə zonası və ya rəqabət yeri kimi baxmır. Çünki bizim özümüzün Moskva ilə yaxşı münasibətlərimiz var. Bununla əlaqədar, Brüssellə Moskva, daha doğrusu, NATO və Rusiya arasında hər hansı bir münaqişəli məsələ yoxdur.

- Siz Azərbaycanda Amerika hərbi bazalarının yaradılması barədə ziddiyyətli informasiyaları necə şərh edərdiniz?

- Mənim bildiyimə görə, ABŞ Cənubi Qafqazda, eləcə də Azərbaycanda və ya regionun digər ölkəsində öz hərbi bazalarını yaratmağı planlaşdırmır. Vaşinqton region ölkələri ilə çoxtərəfli və ikitərəfli əsaslarla əməkdaşlığı inkişaf etdirir. Lakin mən heç vaxt Ağ Evini regionda özünün mobil birləşmələrini yerləşdirməyə hazırlaşdığını eşitməmişəm.

- Şimali Atlantika Alyansının rus qoşunları hissələrinin Gürcüstandan çıxarılaraq Ermənistanda yerləşdirilməsilə bağlı mövqeyi necədir? Bu addım regionda qüvvələr balansının pozulmasına səbəb olmur ki?

- Şimali Atlantika Alyansı xarici hərbi qüvvələrin dövlətin ərazisində yerləşdirilərkən həmin dövlətin buna razılıq verməsinin zəruriliyi ilə bağlı mövqeyini qoruyub saxlayır. Aydındır ki, Gürcüstan müəyyən dövr ərzində öz ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi əleyhinə çıxış edib. Hər bir dövlətin öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə icazə vermək və ya ona qarşı çıxmaq hüququ var.

Əgər öz hərbi bazalarını yad ərazidə yerləşdirmiş dövlət öz üzərinə müəyyən "sülhyaratma öhdəliyi" götürürsə, qoşunların dislokasiya olunduğu ölkə xarici kontingentin yerləşdirilməsinə etiraz etmirsə, onda belə bazaların yaradılması tamamilə mümkündür. Ermənistana gəldikdə isə, bu ölkə öz ərazisində Rusiya bazalarının yerləşdirilməsinə "siyasi razılıq" verib və öz ərazisində Rusiyanın siyasəti ilə razıdır. NATO Yerevanın siyasi iradəsinə etiraz etmir. Biz həmin bazaları tanıyırıq. Gürcüstanla bağlı məsələdə isə, NATO öz mövqeyini bildirib.

- Ermənistan-Türkiyə sərhəddinin açılması məsələsində NATO-nun mövqeyi nədən ibarətdir?

- Türkiyə Alyansın üzvüdür və sözsüz ki, Alyansın üzvü kimi biz əməkdaşlıq üçün yaxşı perspektivlərə malikik. Biz ümid edirik ki, Ankara ilə Yerevan arasında danışıqlar davam etdiriləcək.

- Siz Azərbaycanın NATO-ya daxil olması üçün zəruri olan proseduralardan və addımlardan danışa bilərsinizmi və bu, yaxın perspektivdə bu mümkün ola bilərmi? Azərbaycanın Alyansa inteqrasiyası münaqişə nizamlanmadan mümkün ola bilərmi?

- Hazırki anda, ən yaxşı başlanğıc NATO-nun Azərbaycanla Fərdi Əməkdaşlıq Proqramı çərçivəsində bərabərhüquqlu inkişafı ola bilər. Sonrakı mərhələdə Azərbaycanın Şimali Atlantika strukturuna üzvlüyü ilə bağlı məsələyə baxılmasına başlamaq yaxşı olardı. Müəyyən zaman kəsiyində tərəflər Azərbaycanın NATO-ya üzvlüyünün reallaşması barədə qərara gələ bilərlər. Sülhə nail olunduqdan və respublika hazır olduqdan sonra rəsmi Bakı və Alyans NATO-ya daxil olmaq barədə danışıqlara başlaya bilərlər.

Əgər respublika NATO-ya inteqrasiya olunmağa başlayarsa, onda ölkədə bir sıra islahatların keçirilməsi zəruridir. Əgər Alyansın üzvləri Bakının yürütdüyü siyasətin NATO siyasətinə uyğun gəldiyi barədə fikrə gələrlərsə, o zaman Alyans bu məsələ ilə bağlı hər hansı bir konkret qərar qəbul edə bilər.

Xəbər lenti

Xəbər lenti