...

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Bəhreynə səfər edib

Siyasət Materials 24 Noyabr 2005 16:05 (UTC +04:00)

Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı noyabrın 22-dən 24-nə kimi Bəhreyn Krallığında səfərdə olub. Azərbaycanın Ər-Riyaddakı səfirliyindən Trend ə verilən məlumata görə, E.Araslı Bəhreyn parlamentinin deputatlar palatasının sədri Xəlif əl-Zəhrani, XİN başçısı Xalid bin Əhməd əl Xəlif, müdafiə naziri şeyx Xəlif bin Əhməd bin əl Xəlif və digər rəsmi şəxslərlə görüşüb.

Görüş zamanı Azərbaycan diplomatı ölkəmizin tarixi və mədəniyyəti, elmi, iqtisadi və siyasi inkişafı haqqında ətraflı məlumat verib.

Əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələrinin müzakirəsinə ayrılıb.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə nizamlanması sahəsində fəal səylərini qeyd edərək bu məsələdə Bakının ədalətli mövqeyini dəstəkləyən Bəhreyn rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin, Azərbaycanda 6 noyabr parlament seçkilərinin nəticələrilə bağlı fikir mübadiləsi aparılıb. Səfir bu seçkilərin ölkənin demokratik inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib.

Bəhreyn hökumətinin rəsmi şəxsləri Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayaraq təcavüzkar dövlət kimi Ermənistana qarşı mənfi mövqe tutduqlarını bildiriblər. Həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılmasının zəruriliyilə bağlı fikirlər səslənib.

Deputatlar palatasının sədri hər iki ölkə parlamentində əməkdaşlıq komissiyasnın yaradılması, həmçinin, hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin təşkil olunması ilə bağlı təklifləri bəyənib.

Tərəflər 2006-cı ilin əvvəlində Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun Bəhreynə səfərinin detallarını müzakirə edərək hər iki ölkənin Xarici İşlər Nazirliklərinin əməkdaşlığı haqqında memorandumun imzalanması haqqında razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti