...

Aqşin Mehdiyev: AŞPA rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərinin məskunlaşdırılması siyasətinin davam etdirilməsi ilə bağlı yeni faktlar barədə məlumatlandırılıb

Siyasət Materials 25 Noyabr 2005 12:49 (UTC +04:00)
Aqşin Mehdiyev: AŞPA rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərinin məskunlaşdırılması siyasətinin davam etdirilməsi ilə bağlı yeni faktlar barədə məlumatlandırılıb

Avropa Şurası və AŞ Parlament Assambleyası Ermənistanın rəsmi şəxslərinin Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin "konfederativ qayda"da inkişaf etdirilməsinə dair son bəyanatları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin məskunlaşdırılması siyasətinin davam etdirilməsi ilə bağlı yeni faktlar barədə məlumatlandırılıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞ-dakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.

"Biz ümid edirik ki, AŞ-nin müvafiq strukturları sülh yolu ilə aparılan danışıqlar prosesini açıq-aşkar pozan Ermənistan tərəfinin hərəkətlərinə öz qiymətini verəcək"-deyə diplomat bildirib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə işçi qrupunun dekabrın 14-nə planlaşdırılmış növbəti iclası barədə danışan A.Mehdiyev bildirib ki, onda olan məlumata görə, Alt komitənin üzvləri görülmüş işlərə dair hesabatı müzakirə edəcək və həmin hesabat sonradan AŞPA-nın 2006-cı ilin yanvar sessiyası zamanı Alt komitə adından təqdim olunacaq.

Eyni zamanda Azərbaycanın AŞPA-dakı daimi nümayəndəsi AŞPA Monitorinq Komitəsinin noyabrın 23-də Parisdə keçirilmiş iclasının yekunlarına toxunub. Onun fikrincə, Komitə Azərbaycan üzrə məsələlərin müzakirəsinə qayıdacaq. "Azərbaycan AŞ-nin monitorinqindədir və beləliklə, ölkəmizlə bağlı olan məsələlər həmişə Monitorinq Komitəsinin gündəminə düşür. Mən düşünürəm ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel öz səfərlərindən sonra hesabatı məhz Monitorinq Komitəsinə təqdim edəcək və artıq orada onların məruzəsinin gələcək taleyi ilə bağlı qərar qəbul ediləcək"-deyə A. Mehdiyev bildirib.

Eyni zamanda Azərbaycan diplomatı qeyd edib ki, həmməruzəçilərin Bakıya səfərinin konkret tarixi deyilməmişdi. "Amma əsas fikir ondan ibarət idi ki, məruzəçilər Azərbaycana dekabrın birinci yarısında getsinlər".

AŞPA Daimi Komitəsinin bu gün, noyabrın 25-də Buxarestdə keçirilən iclasının gündəliyi barədə danışan A. Mehdiyev qeyd edib ki, buraya AŞPA-nın təşkilati, eləcə də siyasi, iqtisadi və mədəni məsələlərinə aid bir sıra sənədlərin təsdiqindən başlayaraq geniş spektrdə müxtəlif məsələlər daxildir. Xüsusilə gündəliyin iqtisadi bölməsində Dunay-Odra-Elba kanalının layihəsi ilə bağlı məsələ vardır. Eyni zamanda BMT Ali Komissarının qaçqınlarla bağlı fəaliyyəti, habelə Azərbaycanda seçkilərin müşahidəsinə dair hesabat da daxil olmaqla digər məsələlər müzakirə ediləcək. Gündəliyin bu bəndinə əsasən həmin məsələ üzrə məruzəçi olan Leo Platvoet çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti