...

Fazil Qəzənfəroğlu: "Müxalifətin oturaq aksiyalar keçirmək cəhdini müsbət qarşılamıram"

Siyasət Materials 28 Noyabr 2005 18:53 (UTC +04:00)

"Müxalifətin kütləvi etiraz aksiyaları parlament seçkilərinin nəticələrinin dəyişdirilməsinə gətirib çıxarmayacaq". Bu fikirləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib. O qeyd edib ki, hər bir siyasi qüvvənin kütləvi aksiyalar keçirmək, öz etirazını bildimək hüququna hörmətlə yanaşmaq lazımdır. Lakin F.Qəzənfəroğlu müxalifətin 26 noyabrda qarşıdurma ilə nəticələnən aksiyasına münasibət bildirərkən deyib ki, belə xoşagəlməz halların səbəbi həmin müxalifət liderlərinin düzgün və praqmatik yol seçməməsidir.

"Müxalifət özü öz içərisindən artıq dəyişməlidir. İndiki müxalifət liderləri daha real mübarizə üsulu seçməlidir, indiki addımları isə noyabrın 26-dakı kimi xoşagəlməz həddə gətirib çıxarır. Hesab edirəm ki, belə hərəkətlər müxalifətin özünə zərbə vurur",-deyə F.Qəzənfəroğlu vurğulayıb.

Böyük Quruluş Partiyasının sədri bildirib ki, "Azadlıq" blokunun təşəbbüs göstərdiyi oturaq aksiyalar keçirmək ideyasını da müsbət qarşılamır. Onun fikrincə, oturaq mitinqlər keçirilməsi siyasi situasiyada heç nəyi dəyişməyəcək. Belə aksiyaya cəhd göstərilməsi zamanı baş verən qarşıdurmaya gəldikdə isə, Fazil Qəzənfəroğlu hesab edir ki, buna hər iki tərəf məsuliyyət daşıyır: "Həm hakimiyyət, həm də onu zorakılığa əl atmağa sövq edən müxalifət bunda günahkardır. Çünki onlarda realist siyasi anlayışın olmaması buna gətirib çıxarır",-F.Qəzənfəroğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti