...

Sabina Freyzer: "Biz Avropa Birliyinin Cənubi Qafqazda münaqişələrin nizamlanması imkanlarının müəyyən edilməsi üzərində işləyirik"

Siyasət Materials 30 Noyabr 2005 17:39 (UTC +04:00)
Sabina Freyzer: "Biz Avropa Birliyinin Cənubi Qafqazda münaqişələrin nizamlanması imkanlarının müəyyən edilməsi üzərində işləyirik"

Qafqaz üzrə Beynəlxalq Böhran Qrupunun layihə direktoru Sabina Freyzer Trend ə müsahibəsində Cənubi Qafqazda gedən siyasi prosesləri qiymətləndirib

- Sizcə, Azərbaycanda 6 noyabr parlament seçkiləri və Ermənistanda Konstitusiyaya dəyişikliklər üzrə referendum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə təsir edəcəkmi?

- Həm Azərbaycanda keçirilmiş parlament seçkiləri, həm də Ermənistanda referendum zamanı seçki qanunvericiliyinin pozulması halları qeydə alınıb. Ən vacibi isə odur ki, hər iki dövlətdə yerli əhali siyasi hadisələrə laqeydliklə yanaşıb. Bu isə onların demokratik cəmiyyətdə yaşaya bilmələrinə ümidlərini bir qədər itirmələri deməkdir.
Əgər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi uğurla davam etsə, bu halda bütün azərbaycanlılar və ermənilər bu prosesdə fəal surətdə iştirak etməli olacaqlar. Region sakinlərinin arzusu olmadan heç bir sülh əldə oluna bilməz. Məhz buna görə də Azərbaycan və Ermənistan rəhbərliyi vətəndaşlara danışıqların hansı mərhələdə aparıldığını, hansı sülh sazişinin daha əlverişli olduğunu və onun necə həyata keçiriləcəyini başa salmalıdır.

- Yaxın gələcəkdə Beynəlxalq Böhran Qrupu hər hansı bir yeni sənədlər hazırlamağı planlaşdırırmı?

- Üzərində işlədiyimiz növbəti məruzələrdən biri Avropa Birliyinin Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə nizamlanması imkanlarının müəyyən edilməsidir. Biz bu məruzəni Avropa Komissiyası ilə saziş əsasında hazırlayırıq və bu konteksdə AB-nin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək üzrə fəaliyyətini də nəzərə alacağıq. 2006-cı ildə BBQ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə işi davam etdirəcəyək.

- Yaxın keçmişdə BBQ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə referendumun keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının sayının müxtəlif olması faktını nəzərə alsaq bu ideya nə dərəcədə düzgündür?

- Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının iştirakı ilə referendumun keçirilməsi təşəbbüsü faktiki olaraq BBQ-nin münaqişənin sülh yolu ilə nizamlanması üzrə planı çərçivəsində sonuncu mərhələdir. Bu baş verənə kimi, Ermənistanın Dağlıq Qarabağdakı qüvvələri işğal olunmuş bütün əraziləri tərk etməli, azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıtmalı, bütün ticarət və kommunikasiya əlaqələri bərpa olunmalıdır. Bütün bunarı isə uzun illər davam edəcək.
Cənubi Qafqaz regionu tamamilə başqa cür görünəcək və Qarabağın Azərbaycan və Ermənistan əhalisinin sayındakı fərq daha az əhəmiyyət kəsb edəcək.
Bu gün insanların hər iki icma arasındakı fərqə diqqət yetirməsi müharibə faktının olması ilə bağlıdır. Əgər sülh olsa, hər iki icmanın tərəfdaşlıq haqqında fikirləşməsi mümkündür. Ümid edirəm ki, 10-15 ildən sonra referendumda iştirak edəcək insanlar etnik mənsubiyyət əsasında deyil, digər maraqları, məsələn, iqtisadi maraqları əsas götürərək səs verəcəklər.

- Ermənistanın Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun nəticələrini necə qiymətləndirirsiniz?

- BBQ beynəlxalq müşahidəçilər tərəfindən aparılmış monitorinqlərin nəticələrinə əsaslanaraq qeyd edir ki, referendum zamanı ciddi pozuntuların qeydə alındığını düşünməyə hər cür əsas var. Xüsusilə hökumət nümayəndələrinin səsvermədə seçicilərin 65%-nin iştirak etməsi ilə bağlı bəyanatları o qədər də inandırıcı deyil. "İrəvanın 3 ayrı-ayrı seçki məntəqəsində BBQ müşahidəçiləri 45 dəqiqə ərzində maksimum 10 nəfərin səs verdiyinin şahidi olub".
Yerli müşahidəçilər və kütləvi informasiya vasitələri də seçki bülletenlərinin kütləvi şəkildə doldurulması, müşahidəçilərə hədə-qorxu gəlinməsi, KİV nümayəndələrinin referendumun keçirilməsinin əleyhinə olanların düşərgələrinə buraxılmasının məhdudlaşdırılması faktlarını təsdiqləyir. Ermənistanda keçirilmiş seçkilər hər zaman daxili siyasi gərginlik və zorakılıqla müşayiət olunub. Xüsusilə 2003-cü ildə keçirilmiş ümumxalq seçkiləri ATƏT nümayəndələri tərəfindən "beynəlxalq standartlara uyğun olmayan səsvermə" kimi qiymətləndirilmişdir. O zaman seçki bülletenlərinin kütləvi şəkildə doldurulması da daxil olmaqla ciddi qanun pozuntusu faktları qeydə alınmışdı. Ermənistan seçki sistemini təkmilləşdirməlidir. Çünki irəlidə 2007-ci ilin parlament və 2008-ci ilin prezident seçkiləri gəlir.

Xəbər lenti

Xəbər lenti