...

Azərbaycanın Təhsil Nazirliyi inklüziv təhsil proqramını 2006-cı ildə də həyata keçirəcək

Siyasət Materials 3 Dekabr 2005 14:04 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi inklüziv təhsil proqramını 2006-cı ildə də həyata keçirəcək

2006-cı ildə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat şəraiti və təhsilinin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər həyata keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, son 2-3 il ərzində Azərbaycanda inklüziv təhsil sisteminin tətbiqinə dövlət tərəfindən diqqətin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə Heydər Əliyev Fondu böyük rol oynayıb. Fond Təhsil nazirliyi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə proqram həyata keçirir.

"2006-cı ildə inklüziv təhsil proqramının həyata keçirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq dövlət büdcəsindən vəsait də ayrılıb", - deyə nazir bildirib.

M.Mərdanovun sözlərinə görə, 2006-cı ildə ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi proqramının reallaşmasına daha çox vəsait ayrılacaq. 2005-ci ildə Bakı və Sumqayıtın 156 ümumtəhsil məktəbi 4200-dən artıq kompüterlə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti