...

Müdafiə naziri ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Dekabr 2005 19:02 (UTC +04:00)

Dekabrın 5-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini cənab Ceyms Makduqalı qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər Əbiyev qonaqların nəzərinə çatdırıb ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq getdikcə genişlənməkdədir. Azərbaycan NATO ilə də əməkdaşlığını fəal davam etdirir. Fərdi Tərəfdaşlıq Planının (İPAP) müddəaları artıq yerinə yetirilməkdədir.

Cənab C.Makduqal qəbul üçün müdafiə nazirinə minnətdarlığını bildirib və qeyd edib ki, ABŞ Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının müddəalarının yerinə yetirilməsində Azərbaycana əlindən gələn köməyi göstərəcək.

Müdafiə naziri Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, bu məsələdə hələlik irəliləyiş yoxdur. Ermənistan durmadan silahlanır. "Ermənistan Respublikasının rəhbərliyi bəyan edir ki, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Əgər belə olarsa, bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxarıbı bilər. Biz tələb edirik ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunsun. İşğal edilmiş torpaqlar azad edilsin. Bir necə aydan sonra region üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri, növbəti il isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcək. Münaqişənin həll edilməməsi isə bu layihələrin təhlükəsizliyinə ciddi təhdiddir", - deyə S.Əbiyev bildirib.

Cənab S.Makduqal qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ-la Azərbaycan arasındakı iqtisadi əməkdaşlığı daha da yaxınlaşdıracaqdır.

Daha sonra o, NATO-Azərbaycan əlaqələrinin perspektivlərinin geniş olduğunu vurğulayaraq bildirib: "NATO rəhbərliyi bu fikirdədir ki, Azərbaycan İPAP-ın yerinə yetirilməsində ciddi irəliləyiş əldə edib. Bu da Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz müsbət təsirini göstərəcək".

Xəbər lenti

Xəbər lenti