...

Səfirlər 3 saylı müalicə müəssisəsinə baş çəkib

Siyasət Materials 6 Dekabr 2005 13:16 (UTC +04:00)

Dekabrın 6-da Məhkəmə qərarları icrası baş idarəsinin 3 saylı vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tədbir keçirilib. Trend məlumat verir ki, AR-in Ədliyyə nazirliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ABŞ, Türkiyə səfirləri və digər səfirliklərin nümayəndələri , Ədliyyə nazirliyinin yüksək rütbəli əməkdaşları, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edib.

Müəssisənin rəisi Nizami Quliyev qonaqları müəssisə ilə tanış edib. O, hazırda müəssisədə 920 məhkumun saxlanıldığı barədə məlumat verib. Onlardan 5-i qadındır. Müəssisə üç şöbədən ibarətdir: xəstə qadınların saxlanıldığı şöbə, ümumi rejimli cəzaçəkmə müəssisələrindən gələn vərəmli məhkumlar, həmçinin,istintaq altında saxlanılan və ümumi həbsdə olan məhkumlar üçün qapalı rejimli şöbə.

Müəssisənin baş həkimi İlyas Sultanov bildirib ki, həftə ərzində müəssisəyə 30-35 xəstə daxil olur. Hazırda müəssisədə vərəmə yoluxmuş azyaşlı dustaq yoxdur.

Daha sonra səfirlər və jurnalistlər müəssisənin yeməkxanası, laboratoriyası və xəstələrin saxlandığı palatalarla tanış olublar.

Müəssisənin rəisi Nizami Quliyev bu yaxınlarda şöbələrdə təmir işlərinin aparıldığı barədə məlumat verib. Həm müəssisə əməkdaşları, həm də məhkumlar tərəfindən daxili səliqə-sahmana riayət olunur. Müəssisə ilə tanışlıqdan sonra qonaqlar vərəmə qarşı mübarizənin 10 illiyinə həsr olunmuş konfransda iştirak etmək üçün "Ekslrorer" otelinə yollanıblar.

Xəbər lenti

Xəbər lenti