...

Müxalifət partiyaları yeni seçki komissiyalarının poritet əsasda formalaşdırılmasını tələb edir

Siyasət Materials 6 Dekabr 2005 14:45 (UTC +04:00)

Parlamentdə "Azadlıq" blokunun seçkidə qalib gəlmiş namizədlərinin Milli Məclisin iclaslarına qatılmaqdan imtina etməsinə baxmayaraq, blok yeni formalaşdırılacaq bütün seçki komissiyalarında təmsil olunmaq istəyir. Bu barədə Trend ə "Azadlıq" blokunda təmsilş olunan Müsavat Partiyası başqanının müavini Arif Hacılı məlumat verib.

O, bildirib ki, blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Azərbaycan Demokrat Partiyası (ADP) və Müsavat Partiyası bütün seçki komissiyalarının iqtidar və müxalifət qüvvələri arasında poritet əsasda formalaşdırılmasına çalışacaq. A.Hacılının sözlərinə görə, blok Mərkəzi Seçki Komissiyasının (MSK), Dairə Seçki Komissiyaları (DSK) və məntəqə seçki komissiyalarının bərabərlik prinsipi əsasında formalaşdırılması tələbində sonadək qalacaq və komissiyalara öz nümayəndələrini təyin etmək məsələsini bu həftə ərzində müzakirəyə çıxaracaq.

Qeyd edək ki, "Azadlıq" blokuna daxil olan üç partiyadan başqa, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Ümid Partiyası da seçki komissiyalarında təmsil olunmaq istəyir və bu tələblərini əks etidən bəyanat veriblər. Sözügedən müxalifət partiyaları da bütün komissiyaların poritet əsasda formalaşdırılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti