...

Müxalifət liderləri Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi üçün Avropa Şurasına müraciət edəcək

Siyasət Materials 6 Dekabr 2005 17:14 (UTC +04:00)

"Azadlıq" bloku, "Milli Birlik" Hərəkatı və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycanın Avropa Şurasında (AŞ) nümayəndə heyətinin mandatının təsdiq edilməməsi tələbi ilə bu beynəlxalq təşkilata müraciət edəcək. Bu barədə jurnalistlərə "Azadlıq" blokunun həmsədri Əli Kərimli məlumat verib.

O, bildirib ki, "Azadlıq" bloku, "Milli Birlik" Hərəkatı və Azərbaycan Milli İstiqlal Partiyası rəhbərləri parlament seçkilərinin nəticələri ilə bağlı Avropa Şurasına müraciət etməyə qərar verib. Müraciətdə 6 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinin xalqın iradəsini əks etdirmədiyini, bu seçkidə insan haqlarının pozulduğunu əsas gətirərək Avropa Şurasından Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatının təsdiqlənməməsi xahiş olunacaq.

Qeyd edək ki, dekabrın 6-da bu müxalifət qurumlarının liderləri beynəlxalq təşkilatlar və xarici dövlətlərin 6 noyabr seçkilərinin nəticələrinə dair nümayiş etdirdikləri mövqeləri ilə bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda müxalifət liderləri seçkinin nəticələrinə tənqidi mövqeyini bildirən Avropa Şurasına, onun Monitorinq Komitəsinə, AŞ-nin və ATƏT-in uzunmüddətli müşahidə missiyalarına, bir sıra Şərqi Avropa dövlətlərinə və Avropanın insan haqları təşkilatlarına təşəkkürlərini bildiriblər.

"Azadlıq" blokunun həmsədrləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət həmçinin Avropa Şurasının Monitorinq Komitəsinin dekabrın 15-də Parisdə keçiriləcək iclasında iştirak edəcəklər. ABŞ-ın Konstitusiya Məhkəməsinin qərarını alqışladığına görə narazı qalan müxalifət liderləri bu məsələni səfir Rino Harnişlə dekabrın 7-də keçirəcəkləri görüşdə müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti