...

Aydın Mirəzəzadə: "Avropa Şurasında mandatımızın təsdiqlənməməsini istəyən müxalifətçilər vətənpərvər olmadıqlarını nümayiş etdirirlər"

Siyasət Materials 6 Dekabr 2005 19:20 (UTC +04:00)

"Hansısa siyasi partiyanın Avropa Şurasına müraciəti əsasında bu qurumun Azərbaycan nümayən heyətinin mandatını təsdiqləməməsi ehtimalı sıfıra bərabərdir". Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü olmuş Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, 6 noyabr parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət liderləri Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi üçün Avropa Şurasına müraciət etmək qərarına gəlib.

Aydın Mirzəzadə deyib ki, müxalifət bununla məqsədinə nail ola bilməyəcək. Çünki Avropa Şurası ayrı-ayrı ölkələrin siyasi partiyalarının istəyi ilə deyil, öz Nizamnaməsi əsasında qərarlar çıxarır. "Əgər müxalifət partiyaları Avropa Şurasından nümayəndə heyətimizin mandatının təsdiqlənməməsini tələb edirsə, Yeni Azərbaycan Partiyası da müraciət edərək bunun əksini tələb edə bilər. Belə olan halda Avropa Şurası hansı partiyanın istəyini yerinə yetirəcək? Bu mötəbər beynəlxalq təşkilat oyuncaq bir qurum deyil və onun fəaliyyətində, çıxardığı qərarlarda hansısa siyasi partiyanın heç bir rolu olmur"-deyə A.Mirzəzadə bildirib.

YAP funksioneri onu da qeyd edib ki, müxalifət qüvvələri bu addımı atmaqla vətənpərvər olmadıqlarını nümayiş etdirirlər, həmişəki kimi bu dəfə də problemləri ölkə daxilində deyil, xaricdə həll etməyə çalışırlar. Onun sözlərinə görə, müxalifətçilər Azərbaycanın beynəlxalq təşkilatlardan çıxarılmasına, sanksiyalarla üzləşməsinə çalışır, dövlət maraqlarının qorunmasının isə qətiyyət marağında deyillər.

Xəbər lenti

Xəbər lenti