...

Müxalifət liderləri ABŞ səfiri ilə görüş keçiriblər

Siyasət Materials 7 Dekabr 2005 14:12 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş dekabrın 7-də AXCP-nin qərargahında müxalifət liderləri ilə görüş keçirib. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunun həmsədrləri İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət iştirak ediblər.

Görüş barədə jurnalistlərə açıqlama verən səfir Rino Harniş bildirib ki, tərəflər arasında səmərəli danışıqlar aparılıb: "Mən ABŞ-ın Azərbaycanda gələcəkdə də demokratiyaya dəstək məqsədilə hansısa layihələr həyata keçirəcəyi barədə fikirlərimi bildirdim. Onlar da Azərbaycanda son parlament seçkilərinin necə keçirilməsi barədə öz itkirlərini bölüşüblər"-deyə səfir qeyd edib.

"Azadlıq" blokunun həmsədri Əli Kərimli isə görüş barədə məlumat verərkən deyib ki, Azərbaycanda parlament seçkisindən sonrakı vəziyyət, ABŞ-ın bu seçkiyə verdiyi qiymət və müxalifətin bununla razılaşmaması əsas müzakirə mövzusu olub. Əli Kərimlinin sözlərinə görə, müxalifət liderləri ABŞ-ın Konstitusiya Məhkəməsnin qərarını alqışlaması barədə verdiyi bəyanatına öz etirazlarını bildiriblər.

"Biz rəsmi bəyanatla çıxış edərək ABŞ Dövlət Departamentinin və səfirliyin bu mövqeyini başa düşmədiyimizi, təəccübləndiyimi ifadə etmişdik. Səfirlə görüşdə də bu fikirlərimizi ətraflı şəkildə əsaslandırdıq, etirazımızı diqqətə çatdırdıq. ABŞ səfiri də öz ölkəsinin mövqeyini izah etdi. Səfir bildirdi ki, bizim bu arqumentlərimiz barədə düşünəcək və bundan sonra da Azərbaycanda demokratiya sahəsində irəliləyişlərin əldə olunmasına səy göstərəcək. Biz qərara gəldik ki müzakirələr bundan sonra da müzakirələri davam etdirək"-Ə.Kərimli bildirib.

Əli Kərimlinin sözlərinə görə, görüşdə hər iki tərəf öz mövqeyində qalıb. Səfir ABŞ Dövlət Departamentinin bəyanatı təkzib etməyib və ölkəsinin mövqeyinin dəyişəcəyini də deməyib. Amma Rino Harniş ABŞ-ın parlament seçkiləri ilə bağlı ATƏT-in yekun hesabatı ilə razı olacağını deyib.

Xəbər lenti

Xəbər lenti