...

"Kapitalbank"ın Biləsuvar rayon şöbəsinin sabiq rəisinin istintaqı yekunlaşmaq üzrədir

Siyasət Materials 13 Dekabr 2005 14:34 (UTC +04:00)

"Kapitalbank" Dövlət Bankının Biləsuvar rayon şöbəsinin sabiq rəisi Güloğlan Nağıyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşmaq üzrədir. Bu barədə Trend ə G.Nağıyevin vəkili Eldar Qurbanov məlumat verib.

Güloğlan Nağıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirləndirilir. Hazırda 1 saylı istintaq təcridxanasında saxlanılan G.Nağıyevin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən icra olunur.

"Güloğlan Nağıyevə qarşı irəli sürülmüş ittihama görə, o, rayonun Sosial Müdafiə Fondunun pensiya paylayan işçilərindən hər dəfə pensiyaların ümumi məbləğinin 2 faizini alaraq mənimsəyirmiş. Bu fakt Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin rəisi həbs olunandan sonra üzə çıxıb", - deyə vəkil bildirib.

E.Qurbanov onu da qeyd edib ki, artıq "Kapitalbank"ın və Sosial Müdafiə Fondunun Biləsuvar rayon filiallarının əməkdaşları və pensiyaları mənimsənilmiş vətəndaşlar dindirilib. İbtidai istintaq yekunlaşmaq üzrədir, 2006-cı ilin yanvar ayında iş materialları məhkəmə baxışına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti