...

Gültəkin Hacıyeva: "AŞPA-nın qış sessiyasında parlament seçkiləri ilə bağlı müzakirələr çox gərgin keçəcək"

Siyasət Materials 13 Dekabr 2005 18:44 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasınının (AŞPA) qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı müzakirələr çox gərgin keçəcək". Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva onu da bildirib ki, AŞPA-nın həmməruzəçiləri Andreas Qross, Andres Herkel və müşahidə missiyasının rəhbəri Leo Platfoe məlum seçkilərin nəticələri ilə bağlı tənqidi mövqe tutublar: "Ancaq AŞPA seçkilərdə müsbət məqamları da qeyd edib. Bütün bunlara baxmayaraq müzakirələr çox gərgin keçəcək. Çünki Azərbaycan monitorinq altında olan bir ölkədir. Bu da həmməruzəçilərə tənqidi fikirlər söyləməyə əsas verir".

Millət vəkili onu da vurğulayıb ki, qurumun qış sessiyasında müzakirələrin sonda necə nəticələnəcəyi ilə bağlı indidən dəqiq fikir söyləmək olmaz. Ancaq çox güman ki, Azərbaycanda keçirilən parlament seçkilərinin şəffaflığını təmin edən məqamlar xırda qanun pozuntularını və həmməruzəçilərin tənqidi fikirlərini üstələyəcək.

Xəbər lenti

Xəbər lenti