...

Elmar Məmmədyarov Azərbaycan-Avropa Birliyi yüksək səviyyəli Üçlük görüşündə iştirak etmişdir

Siyasət Materials 13 Dekabr 2005 21:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Azərbaycan-Avropa Birliyi yüksək səviyyəli Üçlük görüşündə iştirakla əlaqədar dekabrın 12-dən Brüsseldə səfərdədir. Sözügedən görüş ərəfəsində nazir E. Məmmədyarov AB-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi H.Talvitye ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-AB münasibətləri və bölgədəki münaqişələrin həlli məsələlərinə toxunulmuşdur. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 13-də cənab X. Solananın dəvəti və iştirakı ilə AB-Cənubi Qafqaz ölkələrinin Xarici İşlər Nazirləri arasında birgə səhər yeməyi təşkil olunmuşdur. Səhər yeməyi zamanı Cənubi Qafqazda mövcud münaqişələr və hazırda davam edən danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Söhbət zamanı bölgədəki münaqişələrin həllində xüsusilə də gələcəkdə azad olunacaq ərazilərin bərpasında AB-nin mümkün rolu müzakirə edilmişdir.

Daha sonra Azərbaycan-AB yüksək səviyyəli Üçlük görüşü keçirilmişdir. Görüşdə AB Nazirlər Şurasının Baş Katibi Xavyer Solana, AB-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Heyki Talvitye, Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktor müavini Karel Kovanda, AB-də hazırda sədrlik edən Böyük Britaniyanın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Brayan Foll, AB-yə növbəti sədrlik edəcək Avstriyanın dövlət Katibi Hans Iinkler və AB-nin digər yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.

Görüş zamanı Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycan-AB Fəaliyyət Planının müzakirəsinin başlanması alqışlanmış və müzakirələrin tezliklə başa çatacağına ümid ifadə olunmuşdur. Nazir E. Məmmədyarov bildirmişdir ki, AB ilə münasibətlərin genişləndirilməsi və Avro-Atlantika strukturlarına inteqrasiya Azərbaycanın xarici siyasət prioritetlərindən biridir və bu kontekstdə AQS FP-nı vacib hesab edir. Avropa Komissiyasının nümayəndəsi cənab Kovanda bildirmişdir ki, "AQS çərçivəsində Fəaliyyət Planının həyata keçirilməsinə və eləcə də islahatlar prosesinə əhəmiyyətli dərəcədə resurslar yönəldilməlidir və AB bu məsələdə hər cür yardım göstərməyə hazırdır."

2005-ci il noyabrın 6-da Azərbaycanda keçirilmiş parlament seçkiləri daxil olmaqla siyasi yönümlü məsələlər, enerji və nəqliyyat məsələləri də müzakirə edilmişdir. Enerji məsələlərinə toxunaraq cənab E. Məmmədyarov Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzürum qaz kəməri layihələri ilə bağlı məlumat vermişdir. Avropa Komissiyasının nümayəndəsi Azərbaycanın Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsünə qoşulmasını alqışlamışdır. Daha sonra Azərbaycan tərəfi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun vacibliyini və artıq bu layihə ilə əlaqədar Texniki İqtisadi Əsaslandırılmanın aparıldığını qeyd etmişdir. Nazir bu dəmiryolunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi və Azərbaycanın nəqliyyat şəbəkəsinin Trans-Avropa Nəqliyyat Şəbəkələri ilə birləşdirilməsi baxımından da vacibliyi vurğulanmışdır.

Nazir E.Məmmədyarov ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsinin məqsədəuyğunluğunu bildirmiş və bunun Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesini sürətləndirəcəyini qeyd etmişdir.

Nazir Azərbaycan-AB münasibətlərində siyasi, iqtisadi, enerji, təhsil, elmi-tədqiqat və digər sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edərək, eyni zamanda bu prosesin Azərbaycan milli qanunvericiliyinin AB standartlarına uyğunlaşmasına da təkan verəcəyini bildirmişdir. Azərbaycan vətəndaşlarının AB ölkələrinə səfər etmələrində maneələrin olduğunu qeyd edən cənab E.Məmmədyarov vizaların verilməsi işinin sadələşdirilməsinin tərəfdarı olduğunu və bu məsələdə AB ilə müzakirələrə hazır olduğunu bildirmişdir.

Xəbər lenti

Xəbər lenti