...

Ariel Koen: "2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün obyektiv zəminlər mövcuddur"

Siyasət Materials 15 Dekabr 2005 14:08 (UTC +04:00)
Ariel Koen: "2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün obyektiv zəminlər mövcuddur"

ABŞ-ın Heritage Foundation Araşdırmalar mərkəzinin böyük elmi əməkdaşı, politoloq Ariel Koenlə müsahibə

- Sizin fikrinizcə, Azərbaycanda parlament seçkilərindən sonra Amerika-Azərbaycan münasibətlərinin gələcək inkişaf proqnozu necədir və rəsmi Vaşinqton necə siyasət aparmalıdır?

- Mən hesab edirəm ki, Bakı və Vaşinqton arasında 3 əsas məsələ gündəmdədir. Geostrateji məsələ - Azərbaycan və Xəzər regionunun təhlükəsizliyidir. Burada müsbət inkişaf gedir və ABŞ hər vasitə ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına kömək etməlidir.
İkinci məsələ - neft və qaz sahəsində əməkdlaşlığın inkişafı, Bakı-Tiflis-Ceyhan neft kəmərinin fəaliyyətinin təmin olunmasıdır. Burada da bir çox müsbət hallar var. Üçüncü məsələ isə seçkilərdən sonra ölkənin demokratik və siyasi inkişafı ilə bağlıdır. Seçkilərin nəticələri və mövcud sistemin fəaliyyətinin yaxşılaşdırılması məsələsinə gəldikdə, bu sahədə çox şeyə nail olunub. Lakin bir çox məsələlərin üzərində hələ işləmək lazımdır. Düşünürəm ki, ABŞ və Azərbaycan arasında kifayət qədər uğurlu dialoq aparılır və o, ölkənin siyasi sisteminin gələcək inkişafını, seçki institutlarının fəaliyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə davam etdiriləcək.

- Siz Azərbaycanın daxili siyasi durumunu necə qiymətləndirərdiniz? Azərbaycanda "narıncı inqilab"ın mümkünlüyü ilə bağlı bəzi proqnozların müvəffəqiyyətsizliyə uğramasının səbəbi nədir və ölkənin sabit inkişafını təmin etmək üçün bu sahədə hansı tədbirlər görülməlidir?

- Birincisi, Azərbaycanda narıncı inqilabın olacağı ilə bağlı heç də hamı proqnoz verməmişdi. Nə mən, nə də mənim bir çox həmkarlarım belə proqnoz verməmişik. Seçkilərə gəldikdə isə, bir çoxları gözləyirdi ki, seçkilər daha şəffaf keçiriləcək və təkrar səsverməyə ehtiyac olmayacaq. Lakin parlamentdə müxalifətin də təmsil olunması və işləməsi müsbət inkişafdır və Qərbi Avropa, ABŞ-da olduğu kimi onun da ölkənin rifahı uğrunda fəaliyyətinə imkan yaradmaq lazımdır. Müxalifətin fəaliyyətinin tam dondurulması isə heç kimə lazım olmayan münaqişələrə səbəb ola bilər.

- Dünyanın müxtəlif şəhərlərinin tanınmamış respublikaların şəhərləri ilə, məsələn, Amerikanın Montebelo şəhərinin Xankəndi ilə "qardaşlaşma" prosesinin belə qurumların statusunun tanınması məqsədilə hakim dairələrə güclü təzyiq amili olması barədə fikirlər gəzir. Bu nə dərəcədə realdır və düzqündür? Bu məsələ ilə bağlı fikriniz necədir?

- Bu cür əlaqələrin əhəmiyyətini şişirtmək lazım deyil. Bu əlaqələr xalq diplomatiyası səviyyəsindədir. Qərarlar Montebello şəhər Şurasında qəbul olunmur. Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin Kaliforniyada Montebello merinin yanında olması isə məni təəccübləndirmir. Çünki Kaliforniyada böyük və güclü erməni icması yaşayır. Digər tərəfdən həmin məsələ ictimaiyyətdə səs-küy yaradır. Bu isə, ermənilərin Qarabağa dəstək şəbəkəsini qane edir və bununla hesablaşmaq lazımdır.

- Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri bəyan edir ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunmasında həlledici ola bilər. Bununla bağlı Sizin proqnozunuz necədir və bunun üçün hansı zəminlər mövcuddur?

- Bu istiqamətdə obyektiv zəminlər var. Çünki Ermənistan iqtisadi əlaqələrin olmamasından, investisiyanın ayrılmamasından, Türkiyə və Azərbaycan sərhədlərinin bağlanmasından əziyyət çəkir. Əgər bu ölkədə dərk etsələr ki, münaqişənin siyasi nizamlanma yollarını tapmadan Ermənistan xalqı və Qarabağ əhalisi əziyyət çəkməkdə davam edəcək, sülh istiqamətində ciddi irəliləyiş olmadan iqtisadi sahədə heç bir inkişaf olmayacağ, o zaman 2006-cı ildə real nəticələrə ümid etmək olar.
Bütün bunlar Ermənistan rəhbərliyinin qərarından, ölkə elitasının belə yaşayışın gələcəkdə qeyri-mümkün olmasını başa düşməsindən və diaspora nümayəndələrinin münaqişənin sülh yolu ilə nizamlanması prosesinə dəstəyindən asılıdır. Əminəm ki, Azərbaycan ərazi bütövlüyünün saxlanılması prinsipi əsasında və Qarabağ əhalisinə müxtariyyət verilməklə sülhə hazırdır.

- Rəsmi Tiflis "Yaxın Qonşuluq" proqramı, xüsusilə Fərdi Fəaliyyət Proqramı əsasında əlaqələr çərçivəsində Avropa Birliyi (AB) ilə inteqrasiya prosesini sürətləndlirmək istəyini bəyan edir. Həmçinin, Cənubi Qafqaz ölkələrinin AB-ə birqə inteqrasiya zərurətinin olması ilə bağlı fikirlər də mövcuddur. Bu məsələyə Sizin münasibətiniz necədir?

- Azərbaycan mütləq AB-ə inteqrasiya etməlidir. Hazırda üzvlük haqqında heç bir söhbət gedə bilməz. Çünki Türkiyə və Ukrayna ilə, həmçinin Fransa və Hollandiyada Avropa Konstitusiyasının qəbul olunması üzrə keçirilmiş referendumların nəticələri ilə bağlı problemlər mövcuddur.
Lakin bununla bağlı inteqrasiya planı hazırlanmalıdır və , ilk olaraq, Azərbaycanın AB qanunvericiliynə uyğunlaşdırılmış qanunvericiliyə keçidini nəzərdə tutmalıdır. Bu, ilk növbədə Azərbaycanın iqtisadi inteqrasiyasını təmin etməlidir. Sonra isə eyni prosesləri yaşayan Türkiyə ilə inteqrasiyaya yeni təkan verəcək. Bundan başqa, inteqrasiya xəritəsini Brüsseldə və digər Avropa paytaxtlarında təqdim etməyə şərait yaranacaq. Həmçinin, Avropaya inteqrasiyaya görə məsul olan baş nazir müavinini -gənc və güclü islahatçı - təyin etmək də əhəmiyyət kəsb edir.
Və sonda, Ermənistanla münaqişə sülh yolu ilə həll olunmadan Cənubi Qafqaz ölkələri birlikdə AB-nə inteqrasiya edə bilməz. Hazırki vəziyyət Gürcüstana üstünlük gətirir və prezident Mixail Saakaşvili bu faktordan yararlanır. Fikrimcə, Azərbaycana da bu istiqamətdə səy göstərməyə dəyər.

- Hazırda Cənubi Qafqaz ölkələrinin MDB-nin inkişafı, Avropaya və NATO-ya daxil olmasının mümkünlüyü yolları müzakirə olunur. Regionun geosiyasi gələcəyini necə təsəvvür edirsiniz?

- Regionun geosiyasi gələcəyi kifayət qədər aydındır. Əgər Azərbaycan AB və NATO ilə əlaqələrin inkişafına lazımi qədər səy göstərməsə, yerdə digər blok - MDB qalır. Burada oyunun qaydaları daha sərtdir. Və təssüf ki, imperiya mirası orada hələ də qalmaqdadır.
Buna görə də mən Azərbaycanı MDB-nin onu tam hüquqlu üzvü kimi gözləməsi fikrindən çəkindirmək istərdim. MDB-də aydın və ciddi iyerarxiya var: Azərbaycan ya Özbəkistan kimi "Moskva" qaydalarına əməl etməyə razı olmalıdır və ya problemlərlə qarşılaşacaq. Azərbaycan belə bir seçim qarşısındadır. Mənə elə gəlir ki, Azərbaycan yalnız sovet deyil, həm də türk və Türkiyə mirasına malik olduğundan, hər halda üstünlüyün Avropa, Türkiyə və ABŞ-a verilməsinin faydası vardır.

Xəbər lenti

Xəbər lenti