...

Artur Lenk: İsrail Azərbaycan ilə ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

Siyasət Materials 16 Dekabr 2005 16:42 (UTC +04:00)
Artur Lenk: İsrail Azərbaycan ilə ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

İsrailin Azərbaycandakı səfiri Artur Lenk Trend ə müsahibəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin əsas istiqamətləri ilə bağlı ölkəsinin mövqeyini şərh edib

- Azərbaycan ilə İsrail arasında əməkdaşlığın prioritet istiqamətləri necədir?

- İsrail ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. İlk növbədə, bu, iqtisadi sahəyə aiddir. Bizim üçün ticarət əlaqələrinin genişləndirilməsi yollarının axtarışı xüsusi əhəmiyyət kəsb edir.Eyni zamanda söhbət yəhudi və müsəlman dövlətləri arasında olan əlaqələrin inkişafından gedir. Azərbaycanda çoxsaylı yəhudi icmasının yaşaması amili də nəzərə alınmalıdır. Eləcə də Azərbaycandan gedərək İsraildə yaşayanların sayı az deyil.

- İsrail Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Azərbaycan neftini almağı nəzərdə tuturmu?

- Şübhəsiz ki, bu, mümkün variantdır. İsrail müəyyən mənada, Xəzər neftinin alıcısı ola bilər. Eyni zamanda qeyd etmək istəyirəm ki, Hindistanın neft-qaz sənayesi naziri Mani Şankara Ayarın 2005-ci ilin iyununda keçirilən "Xəzərin neft-qazı - 2005" beynəlxalq konfransında çıxış edərkən səsləndirdiyi təklif İsrail üçün də maraq doğurur. Həmin təklifə əsasən, Hindistan Xəzər neftini Ceyhana daxil olduqdan sonra almağa hazırlaşır. Sonra neftin tankerlərlə İsrailə daşınması və burada indi Qırmızı dənizdən Aralıq dənizinə, oradan isə Asiya bazarlarına karbohidrogen tədarük edən Eylat-Aşkelon boru kəmərindən revers istiqamətdə istifadə olunması nəzərdə tutulur. İsrail həmin layihədə iştirak edə bilər.

- İsrailin rabitə naziri Dali İtzikin Bakıya gələn ilə planlaşdırılmış səfəri çərçivəsində hansı məsələlərə baxılacaq?

- Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə İsrailin rabitə nazirinin artıq Tunisdə BMT-nin informasiya cəmiyyəti üzrə sammiti WSIS (16-18 noyabr) çərçivəsində görüşü keçirilib. Danışıqlar uğurlu və səmərəli keçib. Azərbaycandan fərqli olaraq İsraildə seçki prosesi indi başlayır. İsraildə seçkilər 2006-cı il martın 26-na planlaşdırılıb. Ola bilsin ki, İsrailin rabitə nazirinin Bakıya səfəri seçkilərdən sonra keçirilsin. İstisna etmirəm ki, iki ölkə nazirlərinin sonrakı görüşü 2006-cı ilin sonunda İsraildə beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində keçiriləcək. Məndə olan məlumata əsasən, Əli Abbasov həmin tədbirdə iştirak etmək üçün artıq razılıq verib. Düşünürəm ki, İsrailin yeni hökumətinin formalaşdırılmasından sonra müxtəlif sahələrdə Azərbaycan-İsrail əməkdaşlığında yeni təkan yaranacaq. Bu, ilk növbədə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, energetika sektoru və infrastruktur kimi sahələrdir.

- İsrailin "Tadiran" və "Elisa Qrup" kimi nüfuzlu şirkətləri Azərbaycanın rabitə sahəsinə sərmayə qoyulması imkanlarını öyrənməyə başlayıb. Əməkdaşlıqla bağlı hansı planlar vardır?

- İsrailin şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyulması ilə bağlı çoxlu sayda layihələr hazırlayıb.Bunlardan bir hissəsi artıq gerçəkləşdirilir. Bəzi layihələrlə bağlı danışıqlar davam etdirilir. Amma yaxın perspektivdə gerçəkləşdiriləcək konkret layihələr barədə məlumat verə bilərəm. Xüsusilə, bir layihə çərçivəsində fevralın sonunda İsrail-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır. Forumun işində iştirak etmək üçün İsrailin kənd təsərrüfatı sektorunun aparıcı şirkətlərinin nümayəndələri Bakıya gələcək. Biz hər iki ölkə sahibkarlarının mümkün qədər çox qarşılıqlı fayda kəsb edən əlaqələrinin qaydaya salınması üçün lazım olan hər bir şeyi etməyə çalışırıq.

- Siz turizm sahəsində Azərbaycan-İsrail əməkdaşlığının potensialını necə qiymətləndirirsiniz? Xüsusilə, Azərbaycanın hava limanlarından İsrail turistlərinin tranzit uçuşu üçün istifadəsinin perspektivliyi bəyan olunub.

- "AZAL" və İsrail avia şirkətlərinin imzaladığı sazişə əsasən, Heydər Əliyev adına beynəlxalq hava limanı İsrail və Hindistan arasında tranzit uçuş üçün artıq istifadə olunur. Amma İsrail turistlərinin Bakıya və respublikanın digər regionlarına cəlb edilməsi ilə bağlı olaraq Azərbaycanın özündə turizm infrastrukturunun inkişafına zərurət hiss olunur.

- Bakıda İsrail filmləri Festivalının keçirilməsi ənənəsi davam etdiriləcəkmi?

- Şübhəsiz ki, biz İsrail filmləri festivalının təşkilini davam etdirməyi planlaşdırırıq. Bunlardan ikisi artıq böyük uğurla keçirilib. Mart ayında biz növbəti festivalı təşkil eləcəyik. Qeyd edim ki, belə festivalların keçirilməsi Azərbaycan ilə İsrailin mədəniyyət sahəsindəki əməkdaşlığının yalnız bir hissəsidir. Xatırladım ki, noyabrda İsrailin "Tararam" qrupunun iki konserti təşkil edilib. Konsertdə tamaşaçıların sayı 3 minə çatırdı.

- Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ problemi ilə bağlı olaraq İsrailin mövqeyi necədir?

- İsrailin mövqeyi dəyişməzdir. Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması tərəfdarıyıq. İsrail tərəflərin qəbul etdiyi hər bir qərarı dəstəkləməyə hazırdır. Azərbaycan İsrailə dost dövlətdir və biz həmin sahədə əməkdaşlığı davam etdirməyə hazırıq.

Xəbər lenti

Xəbər lenti