...

Ziyafət Əsgərov: "Parlamentdə Fraksiya yaradılması üçün üzvlərin sayının azaldılmasına ehtiyac yoxdur"

Siyasət Materials 16 Dekabr 2005 19:48 (UTC +04:00)

"Parlamentdə Fraksiya yaradılması ilə bağlı Milli Məclisin Nizamnaməsində dəyişiklik edilməsinə ehtiyac yoxdur". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Milli Məclisin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyanın sədri Ziyafət Əsgərov açıqlayıb.

Qeyd edək ki, parlamentdə təmsil olunan müxalifətçi deputatlar Fraksiya yaratmaq üçün bu qurumun üzvlərinin sayının 25-dən 10-12 nəfərə endirilməsini istəyirlər. Buna münasibət bildirən Ziyafət Əsgərov deyib ki, deputatlar çox şey arzu edə bilərlər, lakin hər bir məsələ qanuna uyğun şəkildə tənzimlənir. "Milli Məclisin daxili Nizamnaməsi var və o, qanunla təsdiqlənib. Nizamnaməyə görə, Fraksiya yaradılması üçün ən azı 25 nəfər üzv lazımdır. Bu şərtlər də qüvvədədir və hesab edirəm ki, heç dəyişdirilməsinə də ehtiyac yoxdur".

Z.Əsgərov Azərbaycanın NATO ilə əməkdaşlığı məsələsinə də toxunaraq bildirib ki, bu qurumla fərdi əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanla NATO arasında səmərəli əməkdaşlıq var, bu təşkilata üzvlüyə gəldikdə isə, vitse-spiker qeyd edib ki, bununla bağlı dəqiq tarix söyləmək mümkün deyil: "Çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edib, bir milyon qaçqın-köçkünümüz var və buna görə də ölkəmizin NATO-ya üzv olub-olmayacağına dair proqnoz vermək çətindir. Amma əgər NATO-dan dəvət olarsa, bunu müzakirə etməyə hazırıq".

Ziyafət Əsgərov Milli Məclisdə hərbi doktrinanın qəbul olunması məsələsinə toxunarkən deyib ki, bu məsələyə parlamentin gələn ilki yaz sessiyasında baxıla bilər.

Xəbər lenti

Xəbər lenti