...

"Zümrüd" və "Markiz" qızıl məmulatları mağazalarına silahlı basqın etmiş cinayətkarlar yaxalanıb

Siyasət Materials 16 Dekabr 2005 20:29 (UTC +04:00)

"Zümrüd" və "Markiz" qızıl məmulatları mağazalarına silahlı basqın etmiş cinayətkarlar yaxalanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, həmin cinayətləri törətmiş dəstənin üzvləri uzun illər Bakı və Gəncə şəhərlərində ictimai rezonans doğuran çoxsaylı qətllər və quldurluqlarda da iştirak ediblər. Aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, dəstənin üzvləri Nəsir Əfəndiyev və Elbrus Məmmədov Bakı şəhəri Bülbül prospektində yerləşən "Zümrüd" qızıl məmulatları mağazasına basqın edərək avtomat və tapançadan atəş açmaqla satıcı Asif Qasımovu və xidməti vəzifəsini yerinə yetirən Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Mehman Bunyatovu qətlə yetiriblər. Onlar külli miqdarda qızıl-zinət əşyalarını talayıb hadisə yerindən qaçıblar.

11 mart 2000-ci il tarixdə dəstə üzvləri Xosrov və Nasir Əfəndiyevlər, habelə Elbrus Məmmədov avtomat və tapança ilə silahlanaraq Bakı şəhərinin Nigar Rəfibəyli küçəsində yerləşən "Markiz" qızıl məmulatları mağazasına basqın ediblər. Nəticədə orada xidmətdə olan Səbail rayon Mühafizə İdarəsinin polis nəfəri Sənan Babayev öldürülüb, onun "AKSU" markalı xidməti avtomat silahı və mağazadan külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

İstintaq zamanı müəyyən olunub ki, cinayətkar dəstənin üzvləri 1997, 1998 və 2004-cü illərdə digər serial cinayətlər də törədiblər.

Axtarış-əməliyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin üzvləri Xosrov və Nəsimi Əfəndiyev qardaşları, o cümlədən Elyar Salahov yaxalanıb. Dəstənin digər üzvlərinin yaxalanması istiqamətində də tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti