...

Korrupsiyaya qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 19 Dekabr 2005 14:22 (UTC +04:00)

Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və vəzifəli şəxslərin məsuliyyəti" mövzusunda dəyirmi masa keçirilib. Trend məlumat verir ki, tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin analitik-informasiya şöbəsinin prokuroru Mübariz Əhmədov məruzə ilə çıxış edib. O qeyd edib ki, ölkədə korrupsiyanın kökünü kəsmək üçün Azərbaycan hökuməti bir sıra müvafiq konvensiyalara qoşulub və öz milli qanunvericiliyini həmin konvensiyalara tam uyğunlaşdırıb.

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunundan irəli gələn tələblər artıq yerinə yetirilir. Bunun üçün də həm Korrupsiyaya qarşı mübarizə üzrə komitə yaradılıb, həm baş prokurorluq yanında belə bir qurum yaradılıb, eyni zamanda ölkə prezidenti tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramı təsdiq edilib", - deyə M.Əhmədov söyləyib.

Şöbə prokuroru onu da bildirib ki, korrupsiyanın qarşısının alınması sahəsində dövlət tərəfindən ciddi tədbirlər görülür. M.Əhmədov: "Korrupsiyaya şərait yarada biləcək amillərin aradan qaldırılması, dövlət idarəetmə orqanlarında islahatların aparılması, dövlət qulluğuna qəbulun şəffaflığının tam təmin edilməsi, eyni zamanda dövlət qulluğunda olan şəxslərin məvacibinin mütəmadi şəkildə artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi buna əyani sübutdur".

Tədbirdəki çıxışlar bütövlükdə ictimaiyyətin korrupsiyaya qarşı mubarizə prosesinə cəlb edilməsinə və maarifləndirilməsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti