...

Andreas Qross: "Mandatla bağlı qərar təkrar seçkiyədək təxirə salına bilər"

Siyasət Materials 22 Dekabr 2005 13:40 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının taleyi müzakirəyə çıxarılacaq, ancaq məsələ ləğv edilmiş dairələrdə təkrar seçkiyəcən təxirə salına da bilər". Trend bildirir ki, bunu AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross "Azadlıq" radiosuna müsahibəsində bildirib.

"Biz nümayəndə heyətinin mandatı ilə bağlı qərar verəcəyik. Qərar verəcəyik ki, bu məsələyə yanvarda baxaq, ya da boş yerləri təkrar seçkidən sonraya saxlayaq. Azərbaycanla bağlı qətnamə qəbul etməyə ehtiyac yoxdur" deyən Qrossa görə, Azərbaycanın nümayəndə heyətinin mandatını təzələmək məsələsinə sessiyanın birinci günü - yanvarın 23-də baxılacaq, əgər rəy mənfi olsa, yaxud mandat şübhə altına alınsa, "onlar sessiyanın keçirildiyi həftə ərzində məruzə hazırlayacaqlar".

A. Qross onu da bildirib ki, AŞPA prezidenti Rene van der Linden gələn ilin yanvarında əvvəlcədən nəzərdə tutulan səfərlə Bakıya gələ bilməyəcək. Onun sözlərinə görə, yanvarın ortalarında Bakıya monitorinqə gələcək missiyaya həmməruzəçilər, hollandiyalı deputat Leo Platvoet və bir neçə başqa deputat daxil olacaq.

Xəbər lenti

Xəbər lenti