...

Zurab Noqaideli: Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə nümunəvi olub

Siyasət Materials 23 Dekabr 2005 15:47 (UTC +04:00)

Gürcüstanın baş naziri ilə Trend in müsahibəsi

- Siz Azərbaycanla Gürcüstan arasında qarşılıqlı münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz? Siz ölkələrimizin yaxın gələcəkdə və perspektivdə siyasi və iqtisadi sahələrdə tərəfdaşlıq strategiyasını necə təsəvvür edirsiniz?

- Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə nümunəvi olub. Bu münasibətlər tarixən xalqlarımız arasında mövcud olan qardaşlıq əlaqələri, qarşılıqlı fəaliyyətin bütün sahələrində sərfəli əməkdaşlığa əsaslanan dövlətlərarsı tərəfdaşlıq kimi formalaşıb.
Hətta buna baxmayaraq, mən əməkdaşlığımızın potensialından tam ölçüdə istifadə olunduğunu hesab etmirəm.
Xoşbəxtlikdən, prezidentlərimiz arasında mövcud olan qarşılıqlı şəxsi münasibətlər - bu çox mühüm amildir - tərəfdaşlığın müasir tələblərə və reallıqlara cavab verən keyfiyyətcə yeni mərhələsinin möhkəm özülünü qoyub.
Əməkdaşlığın əhatə dairəsi istər siyasi, istər iqtisadi sahələrdə olduğu kimi regional əməkdaşlığı və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti də əhatə edir.

- Prezident Mixail Saakaşvili bu yaxınlarda Gürcüstandakı Azərbaycan icmasında sosial-iqtisadi şəraitin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması barədə sərəncam verib. Bu istiqamətdə hansı konkret tədbirlər görülüb?

- Milli azlıqların vəziyyəti Gürcüstan hökumətinin gündəlik diqqətinin obyektidir.
Ölkə prezidenti və hökumət bizim həmvətənlərimizin, xüsusilə, Kvemo Kartli regionunda yaşayan vətəndaşların gələcəkdə vəziyyətinin yaxşılaşdırılması barədə bir sıra mühüm qərarlar qəbul edib.
Onların ölkənin siyasi həyatına inteqrasiyası, dövlətin idarə olunmasında və müxtəlif proseslərdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Məsələn, prezidentin təşəbbüsü ilə Kutaisidə Zurab Jvaniya adına idarəetmə kadrlarının hazırlanması üzrə məktəb açılıb. Məktəb Gürcüstanda yaşayan Azərbaycan əhalisinin, eləcə də digər milli azlıqların nümayəndələrindən idarəetmə kadrları hazırlayır. Burada məqsəd onların sonradan öz icmalarının maraqlarını daha yaxşı təqdim edə biləcəkləri ali dövlət vəzifələrinə, nazirlik və idarələrə, yerli hakimiyyət orqanlarına rəhbər vəzifələrə təyin olunmasıdır.
Eyni zamanda, bizim başlıca vəzifəmiz insanların həyatını əhəmiyyətli şəkildə yaxşılaşdırmağa imkan verən investisiyaların cəlb edilməsi, infrastrukturun inkişafı, iş yerlərinin yaradılmasıdır.

- Bu il mayın 25-də, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istismara verilməsi mərasimi zamanı, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən Bakı-Tbilisi-Axalkalaki- Qars dəmiryolunun tikintisi layihəsinin reallaşdırılmasının sürətləndirilməsi barədə birgə Bəyannamə imzalayıblar. Bu layihənin Gürcüstan ərazisindən reallaşdırılması üçün Sizin tərəfinizdən hansı konkret addımlar atılır?

- Biz ölkəmizi Azərbaycan və Türkiyə ilə birləşdirən nəqliyyat kommunikasiyasının inkişafına böyük əhəmiyyət veririk. Söhbət bütün region üçün sözsüz ki, faydalı olan ümumi nəqliyyat sisteminin yaradılmasından gedir.
Qars-Axalkalaki dəmiryolunun tikintisinə gəldikdə, onun hazırlıq mərhələsi artıq başa çatmaq üzrədir. Gürcüstan hökuməti bu dəmiryolunun tikintisi üzrə öhdəsinə düşən işləri yerinə yetirməyə hazırdır.

- Gürcüstan gələcəkdə mövcud müqavilədə nəzərdə tutulandan başqa Şahdəniz yatağından əlavə həcmdə qazın alınması barədə niyyətlərini bəyan etmişdir. Əlavə həcmdə yanacağın alınması barədə layihənin səhmdarları ilə hər hansı bir razılaşma əldə olunubmu?

- Bildiyiniz kimi, Qazprom bu yaxınlarda Gürcüstan üçün qazın qiymətini artırılması barədə qərar qəbul edib. Yeni şəraitdə ölkəmizin energetika təhlükəsizliyini təmin etmək məqsədilə əlavə səylərin göstərilməsi tələb olunur.
Biz həmişə energetika sahəsində mühüm kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bağlı dostlarımız və tərəfdaşlarımız tərəfindən anlaşmaya ümid etmişik və indi də ümid edirik.
Təbii qazın zəruri əlavə həcminin alınmasına gəldikdə, onu demək lazımdır ki, bu barədə məsləhətləşmələr davam etdirilir.
Biz Şahdəniz-Tbilisi-Ərzurum layihəsinin istər bizim ölkəmiz, istərsə də bütün region üçün nəhəng əhəmiyyətinə getdikcə daha çox əmin oluruq.

- Gürcüstan Cənubi Qafqaz qaz kəmərindən və Bakı-Tbilisi-Ceyhanla bağlı işlərdən əldə olunmuş vəsaitləri öz neft-qaz yataqlarının inkişafına yönəltmək niyyətindədir, yoxsa ölkənin qeyri neft sektoruna daha böyük diqqət ayıracaq?

- Boru kəmərləri ilə bağlı işlərdən əldə olunmuş vəsaitlər Gürcüstanın dövlət büdcəsinə yönəldiləcək və büdcə prioritetlərinin həyata keçirilməsinə sərf olunacaq. Onların arasında əlbəttə ki, Azərbaycanın yataqları ilə müqayisə olunmayan, lakin öz tələblərimizin ödənilməsi üçün əhəmiyyətli olan ölkədəki yataqların inkişafı da ola bilər.

- Ölkəniz hal-hazırda mövcud olan və tikilməkdə olan boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirləri görür? Bu sahədə digər ölkələrlə əməkdaşlıq edirsinizmi?

- Gürcüstan hökuməti bizim ərazidən keçən strateji boru kəmərlərinin təhlükəsizliyinin 100 faiz təmin olunması üçün öz öhdəliklərinin yerinə yetirilməsinə lazımi məsuliyyətlə yanaşır.
Bu istiqamətdə artıq böyük işlər görülüb. Gürcüstanın Daxili İşlər Nazirliyində ölkə ərazisindəki neft və qaz borularının təhlükəsizliyinin təminatı üzrə xüsusi bölmə yaradılıb. Bu sahədə biz döst dövlətlərin müvafiq xidmətləri ilə fəal əməkdlaşlıq edirik.

- Ölkələrimiz arasında iqtisadi münasibətlərin dərinləşməsi Gürcüstanın Azərbaycana olan borclarının restrukturizasiyası məsələsini aktuallaşdıra bilərmi? 2006-cı ildə bu istiqamətdə konkret addımların atılması gözlənilirmi?

- Bu məsələ ilə bağlı danışıqlar uğurla aparılır. Sizi əmin edə bilərəm ki, Gürcüstanın Azərbaycana olan borcları hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına və mehriban qonşuluq münasibətləri olan ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinə maneə olmayacaq.

- Rəsmi Tbilisi "Yaxın Qonşuluq" Proqramı çərçivəsində, Avropa Birliyinə inteqrasiya prosesini fərdi fəaliyyət proqramları vasitəsilə sürətləndirilmək arzusunda olduğunu bəyan edir. Siz bu məsələdə ölkənizin mövqeyini daha müfəssəl şəkildə şərh edə bilərsinizmi? Bu Cənubi Qafqazda bizim ümumi problemlərimizin həllinə nə dərəcədə kömək edə və ya çətinləşdirə bilər?

- Gürcüstanın Avropa Birliyi ilə daha sıx əməkdaşlığa, avroatlantik strukturlarına inteqrasiyasına can atması tariximizin ümumi gedişi ilə müəyyən olunub. Gürcüstan bu istiqamətdə uğurla fəaliyyət göstərir və qonşularımızın uğurları da bizi sevindirir. Biz NATO və Avropa Birliyi ilə "Fərdi tərəfdaşlıq" və "Yaxın qonşuluq" proqramlarını həyata keçiririk.
Əlbəttə Avropa standartları mürəkkəb olduğuna görə, bu, o qədər də asan proses deyil. Lakin biz Avropa strukturları ilə tərəfdaşlıq prosesinin inteqrasiyaya çevrilməsinə yaxınlaşmaq üçün durmadan irəliləyirik.
Cənubi Qafqaz dövlətlərinin avroatlantika təşkilatına inteqrasiyası bizim regiona çoxdan gözlənilən ədalətli sülh, sabitlik, demokratik inkişaf və iqtisadi yüksəliş gətirəcək. Lakin bunun üçün istər siyasi, institusional, istərsə də iqtisadi sahələrdə mürəkkəb islahatlar yolunu keçmək zəruridir.

Xəbər lenti

Xəbər lenti