...

Aydın Quliyev: "Sərdar Cəlaloğlu tutduğu vəzifəsindən getməlidir"

Siyasət Materials 28 Dekabr 2005 18:09 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu tutduğu vəzifəsindən getməlidir". Bu barədə Trend ə ADP Ali Məclisinin üzvü Aydın Quliyev bildirib.

Qeyd edək ki, A.Quliyev ötən həftə ADP Ali Məclisinin üzvlüyündən azad edilib. O, partiyanın nizamnaməsinə zidd atılan bu addımla bağlı rəhbərliyə müraciət edib.

A.Quliyev bildirib ki, partiyanın inkişafının və yeniləşməsinin tərəfdarı olanlar inhisarçı qrup üzərində qələbə çalacaq. Bu qrupa isə Sərdar Cəlaloğlunun rəhbərlik etdiyini qeyd edən A.Quliyev "Partiyanın yeniləşməsi və gələcək inkişafı üçün o, vəzifəsindən istefa verməlidir. Partiyanın rəhbərliyində yeni qüvvələr təmsil olunmalıdır".

A.Quliyev onu da qeyd edib ki, Ali Məclisin yanvarın ortalarında keçiriləcək iclasında iştirak edəcək: "Məni Sərdar Cəlaloğlunun təzyiqi və birbaşa göstərişi ilə partiyanın nəzarət -təftiş komissiyası Ali Məclisin üzvlüyündən azad edib. Ancaq bu nizamnaməyə ziddir. Ona görə ki, mən Ali Məclisə qurultayda seçilmişəm".

Hər gün ADP-nin sədri Rəsul Quliyevlə tetefon əlaqəsi yaratdığını deyən A.Quliyev bu barədə ictimaiyyətə hələ açıqlama verilməsinə ehtiyac olmadığını vurğulayıb.

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə A.Quliyevin söylədiklərinin mənasız və əsassız olduğunu bildirib: "O, partiyanın üzvü deyil. ADP ilə bağlı dedikləri isə bizim partiyada qəbul edilmir".

Xəbər lenti

Xəbər lenti