...

Ziyafət Əsgərov : "MSK müxalifətin istəyi ilə paritet əsaslarla formalaşa bilməz"

Siyasət Materials 29 Dekabr 2005 17:38 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyası (MSK) paritet əsaslarla formalaşa bilməz". Trend xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov MSK-nın formalaşdırılması ilə bağlı müxalifətin səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

Z.Əsgərov onu da bildirib ki, parlamentdə təmsil olunan partiyalar müvafiq qaydalar çərçivəsində öz namizədlərini MSK-ya verməlidir. Sonra bu məsələyə parlamentdə baxıla bilər. MSK-nın formalaşdırılması məsələsinə gəlincə isə Z.Əsgərov bildirib: "Bu məsələdə heç bir partitet bölgüdən söhbət gedə bilməz. Çünki 2003-cü ildə Seçki Məcəlləsini qəbul edərkən Venesiya Komissiyası və müxalifət bu məsələyə öz münasibətini bildirib. Qərar qəbul edilib ki, 2005-ci il parlament seçkilərindən sonra MSK-nın tərkibi indiki qaydada 18 nəfərdən ibarət olsun".

Birinci vitse-spiker onu da bildirib ki, parlamentin qış sessiyasında növbədənkənar iclası çağrıla bilər: "Bu, mühüm qanun layihəsi və yaxud da MSK-nın formalaşdırılması məsələsinin müzakirəsi ilə bağlı ola bilər".

Z.Əsgərov yaz sessiyasında qəti şəkildə "Təhsil haqqında" və "Siyasi partiyalar haqqında" qanun layihələrinin təsdiq ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti