...

Yeni pul nişanları 2006-cı ildə dövriyyəyə 3 mərhələdə buraxılacaq

Siyasət Materials 29 Dekabr 2005 19:26 (UTC +04:00)
Yeni pul nişanları 2006-cı ildə dövriyyəyə 3 mərhələdə buraxılacaq

Azərbaycan Milli Bankı yeni pul nişanlarını 2006-cı ildə dövriyyəyə 3 mərhələdə buraxmağı planlaşdırır. Bu barədə dekabrın 29-da mətbuat konfransında AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Trend in xəbər verdiyi kimi, yanvarın 1-dən başlanacaq birinci mərhələdə 1,5 manat dəyərində olan banknotlar və bütün metal sikkələr (1,3,5,10,20 və 50 qəpik) dövriyyəyə buraxılacaq.

İkinci mərhələ 2006-cı ilin martından başlanacaq və dövriyyəyə 10 və 20 qəpiklik sikkələr, apreldə başlanacaq 3-cü mərhələdə isə 50-100 manatlıq əskinaslar buraxılacaq. Yeni manatın mərhələli tətbiqinin səbəbi köhnə manatın tədricən dövriyyədn çıxarılması, ictimaiyyətin əvvəlcə aşağı nominallı yeni banknotların müdafiə elementləri ilə tanış olmaqdır. Daha sonra isə əhaliyə iri nominallar təqdim olunacaq. Digər tərəfdən bu, dövriyyəyə dərhal 19 nominalın buraxılması ilə əlaqədar ticarət və iqtisadi subyektlərdə yaranacaq çətinliklərin qarşısını almağa imkan verəcək. Bu istiqamətdə AMB beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparır.

Artıq respublikaya 3 yeni manat partiyası gətirilib və növbəti partiya ölkə ərazisinə yanvarın əvvəlində daxil olacaq. Yeni pul nişanlarının hazırlanmasına, həmçinin, proqram təminatındakı dəyişikliklərlə bağlı əlavə xərclərə 16 mln avro sərf olunub.

Yeni pul nişanları 30 müdafiə elementinə malikdir. "AMB-nin uzunmüddətli müqavilə bağladığı Britaniyanın "De lya ru" şirkəti məhz keyfiyyətə görə yeni pul nişanlarını hazırlamaqdan imtina edib. Buna görə də banknotların dizayneri Avstriyanın OeBS şirkəti seçilib, eskizlər isə avronun müəllifi Robert Kalina tərəfindən hazırlanıb. Bütövlükdə bu pul nişanlarının hazırlanmasına 5 il sərf olunub", - deyə E.Rüstəmov qeyd edib.

AMB rəhbəri, həmçinin, köhnə manatların dövriyyədən çıxarılması məsələsinə toxunaraq, bunun 2006-cı ildə tədricən baş verəcəyini bildirib. Köhnə pulların böyük həcmi (3 mlrd manat) ilə əlaqədar başqa rayonda xüsusi xəzinə yaradılıb. Köhnə pulların ləğv edilmə mexanizmi əvvəlki kimidir və AMB toplanmış pulları dövlət komissiyasına təhvil verəcək.

Xəbər lenti

Xəbər lenti