...

Hərbi əks-kəşfiyyat idarəsində çalışmış bir sıra vəzifəli şəxslərin cinayətləri ilə bağlı istintaq başa çatıb

Siyasət Materials 5 Yanvar 2006 11:44 (UTC +04:00)

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Silahlı Qüvvələrin və hərbi əks-kəşfiyyat idarəsinin bir sıra vəzifəli şəxslərinin cinayət əməlləri ilə əlaqədar ibtidai istintaq bitib. Bu barədə Trend ə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq zamanı müəyyən edilib ki, vəzifəli şəxslər əvvəllər hərbi xidmətdə olmuş zabitlərlə, eləcə də mülki şəxslərlə cinayət əlaqəsinə girərək hərbi çağırışçılardan rüşvət almaqla onları 2001-2004-cü illər ərzində hərbi qulluqdan yayındırıblar. Həmin çağırışçıların qanunla müəyyən edilmiş xidmət müddətləri başa çatdıqdan sonra onlara guya hərbi xidmət keçdiklərini təsdiqləyən hərbi biletlər verilib.

Müəyyən edilib ki, bu yolla 54 hərbi çağırışçı hərbi xidmətdən yayındırılıb. Bunun müqabilində isə onlardan ümumilikdə 82 min 200 ABŞ dolları rüşvət alınıb.

Artıq iş materialları məhkəmə baxışına göndərilib. Yaxın günlərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçmiş vəzifəli şəxslərin mühakiməsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti