...

AMİP-in Siyasi Şurası yanvarın 8-də sədr Əli Əliyevə etimadsızlıq göstərə bilər

Siyasət Materials 5 Yanvar 2006 12:20 (UTC +04:00)

"2005-ci ilin martından etibarən AMİP-ə sədr seçilən Əli Əliyevin partiyada pozuculuq fəaliyyəti ilə məşğul olması özünü həm Nizamnaməyə zidd qərarların qəbul edilməsində, partiyanın siyasi kursu ilə əlaqədar olan məsələləri müzakirəyə çıxarmadan özbaşına qərarlar verməkdə, həmçinin, mətbuatda partiyanın nüfuzuna zərər vuran bəyanatlarla çıxış etməkdə göstərməkdədir". Trend in məlumatına görə, bu fikirlər AMİP Siyasi Şurasının partiyanın sədri Əli Əliyev barəsində verdiyi bəyanatda səsləndirilib.

Bəyanatda deyilir ki, Ə.Əliyev sədr seçildiyi vaxtdan Siyasi Şuranın iclaslarının keçirilmə vaxtı ilə bağlı Nizamnamənin tələblərini bilərəkdən və kobudcasına pozub. Siyasi Şura üzvləri iddia edib ki, parlament seçkilərindən dərhal sonra Ə.Əliyev tərəfindən AMİP daxilində vəziyyətin süni surətdə gərginləşdirilməsinə cəhdlər edilib, bəzi partiyadaxili məsələlər məqsədyönlü şəkildə partiyanın fəaliyyətini iflic etmək məqsədilə mətbuata çıxarılıb.

"Əli Əliyev öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina edərək, pozuculuq fəaliyyətini davam etdirib, AMİP Nizamnaməsinin bir sıra müddəalarını kobud şəkildə pozub. Bunları nəzərə alaraq, AMİP Siyasi Şurası Nizamnamənin 57-ci maddəsinə uyğun olaraq yanvarın 8-də partiyadaxili vəziyyətin müzakirəsi və sədrə etimadsızlıq göstərilməsi ilə bağlı iclasın çağırıldığını bəyan edir".

Bu fikirlərlə bağlı münasibətini bildirən Əli Əliyev isə deyib ki, Siyasi Şura üzvlərinin keçirdiyi iclas və sədrə etimadsızlıq göstərilməsi barədə bəyanatları qanunsuzdur. Onun sözlərinə görə, Siyasi Şuranın iclasını yalnız sədr çağıra bilər, 5 gün qabaqdan isə sədrə bununla bağlı tələbnamə verilməlidir. Əli Əliyevin sözlərinə görə, həmin şəxslərin təqdim etdiyi tələbnamə yanlışdır. "Siyasi Şuranın qeyri-qanuni keçirilmiş iclasının gündəliyi ilə üzvlərin əvvəlcədən topladığı imzatoplama kampaniyasının mətni tamamilə fərqlidir. Həm Siyasi Şuranın dekabrın 30-da keçirilmiş iclası, həm yanvarın 8-nə təyin etdikləri Mərkəzi Şuranın iclası qeyri-legitimdir", - deyə Əli Əliyev bildirib. O qeyd edib ki, özü sədr kimi yanvarın 7-nə Mərkəzi Şuranın iclasını təyin edib.

Xəbər lenti

Xəbər lenti