...

Yağış Neftçala rayonunun qəsəbələrində yerli əhaliyə ziyan vurub

Siyasət Materials 5 Yanvar 2006 17:12 (UTC +04:00)

Son vaxtlar baş vermiş aramsız leysan yağışı Neftçala rayonunun Kürkənd, Mayak və Bankə qəsəbələrində yerli əhaliyə xeyli ziyan vurub. Belə ki, həyətləri 30-40 sm dərinlikdə su basması nəticəsində əsasən çiy kərpicdən (palçıqdan) tikilmiş 300-ə yaxın evə ziyan dəyib, 4 ev uçub, 1 ev isə ildırıım vurması nəticəsində yanğına məruz qalıb.

Respublika Fövqəladə hallar komissiyası zərərçəkənlərə yardım məqsədilə 84 milyon manat kompensasiya ayırıb. Yerli əhali yardımı alsa da, onun məbləğinin azlığından şikayətlənir. Lakin əhali əvvəlki leysanın zərərindən qurtarmamış dekabrın 26-da yenidən şiddətli yağışların vurduğu ziyanla üzləşib. Rayon fövqəladə komissiyasının sədri Qabil Məmmədov isə bildirir ki, zərər çəkmiş evlər əsasən çiy kərpicdən tikildiyindən dəymiş ziyan da buna uyğun hesablanıb, yəni kustar üsulla hazırlanmış çiy kərpicin bir ədədinin qiyməti 200 manatdan artıq deyil.

Dekabrın 26-da sakinlərə dəymiş ziyana görə baxış keçirilərək yardım ayrılması üçün Respublika fövqəladə hallar komissiyasına rəsmi müraciət göndərilib. Amma təbiət ərazidə yaşayan insanlara yenidən ziyan vurur. Belə ki, yanvarın 2-dən başlamış aramsız yağışlardan sonra xüsusilə 6 mindən artıq əhalisi olan Bankə qəsəbəsində vəziyyət daha da ağırlaşıb, hətta bəzi həyətlərə 50-60 sm dərinlikdə su yığılıb. Hazırda həyətlərə yığılmış suyu çəkmək üçün 15 nasos quraşdırılıb ki, elektrik enerjisinin fasilələrlə verilməsi ucbatından onların da iş əmsalı aşağıdır. Sakinlər vəziyyətdən çıxış yolunu qəsəbəyə kanalizasiya sistemi qurulmasında və ya ərazisinin relyefinə uyğun olaraq açıq drenaj sistemi qurulmasında görur.

Xəbər lenti

Xəbər lenti