...

İlqar İsayev: İslam İnkişaf Bankının Azərbaycana münasibəti həmişə müsbət olub

Siyasət Materials 13 Yanvar 2006 16:06 (UTC +04:00)
İlqar İsayev: İslam İnkişaf Bankının Azərbaycana münasibəti həmişə müsbət olub

Müstəqillik qazandıqdan sonra Azərbaycan bazar iqtisadiyyatına keçid mərhələsində ölkəyə kömək etmiş, kreditlər ayırmış və məsləhətlər vermiş beynəlxalq maliyyə institutları ilə fəal münasibətlər qurmağa başlayıb. 1992-ci ildə Azərbaycan İslam İnkişaf bankına (İİB) daxil olub. Ölkəmiz post sovet ölkələri arasında bu bankın üzvü olan ilk dövlət idi. 1999-cu ildə bankın Müdirlər Şurası tərəfindən Özbəkistan istisna olmaqla Orta Asiya dövlətləri, Albaniya və Azərbaycanın da daxil olduğu yeni Şərqi Avropa və Mərkəzi Asiya ölkələri qrupu yaradılıb. Yuxarıda adı çəkilən ölkələr qrupundan icraçı direktor postuna həmyerlimiz İlqar İsayevin namizədliyi irəli sürülüb. O, 2000-ci ilin yanvarında səlahiyyətlərinin icrasına başlayıb. 2002-ci ildə İİB-in Müdirlər Şurasının yekdil qərarı ilə İ.İsayev ikinci müddətə həmin vəzifəyə seçilmişdir. Hazırda onun ikinci səlahiyyət müddəti bitmək üzrədir və bu vəzifədə onu Türkmənistandan olan icraçı direktor əvəz etməlidir.
Fəaliyyətinin başa çatması ilə əlaqədar İ.İsayev Trend agentliyinə eksklüziv müsahibəsində bir sıra sualları cavablandırıb.

- Bizim qrupda təmsil olunan ölkələrdən hansı İslam İnkişaf bankı ilə daha fəal əməkdaşlıq edib?

- Bu gün ölkələr üçün təqdir edilmiş layihələrin həcmi üzrə Azərbaycan bizim qrupa daxil olan 7 ölkə arasında birinci yerdədir. Düşünürəm ki, bu, ilk növbədə ölkə rəhbərliyi tərəfindən düzgün qurulmuş iqtisadi inkişaf siyasəti və bu prosesə beynəlxalq maliyyə institutlarının (BMİ) məqsədyönlü cəlb olunmasının nəticəsidir. Biz İİB-lə həmişə fəal əməkdaşlıq etmişik. Xüsusilə qeyd etmək istərdim ki, 2004-cü ilin dekabrında bankın prezidenti cənab Əhməd Məhəmməd Əli Azərbaycana səfər etmişdir.
Onun səfəri çox məhsuldar olub. Ölkəmizdə olarkən prezident İlham Əliyev cənab Əlini qəbul edib. Görüş olduqca konstruktiv keçib və Azərbaycanla İİB arasında qarşılıqlı əməkdaşlığın bütün aspektlərini əhatə edib. İİB prezidenti, həmçinin,bankla əməkdaşlıqda maraqlı olan nazirlik və idarələrin rəhbərlərilə görüşüb, Sabirad rayonundakı çadır şəhərciyinə baş çəkib.
Nəticədə bu şəhərcikdə məktəb və xəstəxananın tikintisi, o cümlədən, su təchizatı sisteminin qurulmasının İİB tərəfindən maliyyələşdirilməsi layihəsinin hazırlanması üçün Bakıya qiymətləndirmə missiyası göndərilib. Bu layihə ilə yanaşı cari ildə İcraçı Direktorlar Şurası tərəfindən Azərbaycan üçün daha 3 layihə - Yevlax-Gəncə yolunun tikintisinin maliyyələşdirilməsi, İqtisadi İnkişaf nazirliyinə texniki yardım (İİB-nin Azərbaycan üzrə nümayəndəsinin ofisi) və modul stansiyalarının tikintisinin maliyyələşdirilməsi layihələri qəbul edilib. Düşünürəm ki, bütün bunlar bankın ölkəmizə müsbət münasibətini sübut edir.

- Ölkəyə gözlənilən iri neft gəlirlərinin daxil olması ilə əlaqədar Azərbaycan və bank arasında gələcək əməkdaşlığın hansı inkişaf perspektivləri vardır?

- Azərbaycan və bank arasında gələcək inkişaf perspektivlərinə gəldikdə, yaxın vaxtlarda 2006 və 2007- 2009-cu illər üçün əməkdaşlıq proqramına yenidən baxılacaq ki, burada da Azərbaycan üçün prioritet olan layihələr müəyyənləşdiriləcək.
Düşünürəm ki, İİB qrupuna daxil olan və Azərbaycanın da üzv olduğu özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı fəallaşdırmağın, investisiya və ixrac kreditlərinin sığortası üzrə İslam Korporasiyasına daxil olmağın, ixrac və idxal ticarətinin maliyyələşdirilməsi proqramında iştirakının və s. vaxtı çatıb.
2006-cı ilin aprelində Bakıda İİB tərəfindən maliyyələşdirilən növbəti investisiya konfransının (birinci konfrans 1996-cı ildə keçirilmişdir) keçirilməsi planlaşdırılıb. Belə konfransların keçirilməsi banka üzv ölkələrin iş adamlarına tədbirin keçirildiyi ölkələrə səfər etməyə, onlar üçün cəlbedici olan sahələrlə tanış olmağa və gələcək özəl və qarşılıqlı investisiyalar üçün ölkənin işgüzar dairələrilə əlaqələr qurmağa imkan verir.
2005-ci ilin iyununda İİB-in Malayziyada keçirilmiş Müdirlər Şurasının iclasında növbəti tədbirin 2010-cu ildə Bakıda keçirilməsi haqqında qərar qəbul olunub.
İİB və Azərbaycan arasındakı əlaqələr hal-hazırda iqtisadi inkişaf naziri Heydər Babayevin səlahiyyətliliyi ilə həyata keçirilən fəal əməkdaşlıqdan asılıdır. Onun nazir təyin olunduğu vaxtdan bu günə kimi Azərbaycan və İİB arasında əməkdaşlıqda yüksək fəallıq müşahidə olunur.

- Azərbaycanın yüksək iqtisadi inkişaf tempi bank tərəfindən Azərbaycan üzrə layihələrin maliyyələşdirilməsi şərtlərinə necə təsir göstərir?

- Bu gün Azərbaycanın öz ehtiyatlarına malik olması və bununla əlaqədar gözlənilən kapital axını ölkəyə beynəlxalq institutlar tərəfindən böyük həcmdə kredit ayrılması zərurətini azaldır. Hazırda beynəlxalq institutlar üçün Azərbaycan kimi ölkələrlə əməkdaşlıq etmək getdikcə çətinləşir. Çünki BMİ tərəfindən həmin ölkələrə ayrıla bilən kredit dərəcələri heç də həmişə sərfəli olmur.
İİB-in şərtlərinə görə, bank layihələri güzəştli və kommersiya şərtləri əsasında maliyyələşdirə bilər. Azərbaycan kifayət qədər sürətli inkişaf tempinə malik ölkə olduğu üçün ölkəyə güzəştli maliyyə ayrılması məsələsi artıq əvvəlki illərdən fərqli olaraq məhdud şəkildə nəzərdən keçirilir. Əgər Azərbaycanı qrupun digər üzvləri, məsələn, Qırğızıstan və Tacikistanla müqayisə etsək, son dərəcə müxtəlif inkişaf səviyyələrinin şahidi olarıq və məhz bu müqayisəyə əsaslanaraq bank Azərbaycana aşağı inkişaf səviyyəli ölkə kimi baxa bilməz.
Buna görə də ölkəyə güzəştli maliyyə vəsaiti məhdud həcmdə ayrılır. Buna baxmayaraq, belə vəsaitin ayrılması imkanlarını istisna etmək olmaz, belə ki, bankın siyasətinə əsasən, təhsil, səhiyyə, su təchizatı və digər sahələri əhatə edən layihələr güzəştli dərəcələrlə maliyyələşdirilir. Beləliklə, ölkə heç olmasa ildə bir güzəştli kredit alacaq.
İcraçı Direktorlar Şurasının hər bir iclasında İİB tərəfindən kredit dərəcələrinin azaldılması imkanı ilə bağlı məsələ nəzərdən keçirilir. Bu gün güzəştsiz şərtlərlə kredit dərəcəsi 5,1% təşkil edir, amma bu gün LİBOR dərəcəsinin artmasını nəzərə alsaq, o zaman İİB-in qeydə alınmış faiz dərəcəsi AYİB-in LİBOR-la bağlı olan kredit dərəcəsinə nisbətən daha da cəlbedici olur.

- İİB tərəfindən Azərbaycanda nümayəndəliyin açılması məsələsinə baxılırmı?

- Bu gün İslam İnkişaf bankının Almata, Kuala-Lumpur (Malaziya) və Rabatda (Mərakeş) 3 regional ofisi və 12 yerli nümayəndə ofisi vardır. Hazırda bank Bakıda nümayəndəliyinin açılması ilə bağlı məsələyə baxır və ehtimal ki, bu, 2006-cı ildə mümkün olacaq. Bundan əvvəl isə bankın prezidenti əvvəlcə yerli nümayəndə ofisinin açılacağına, gələcəkdə isə nümayəndəliyin açılması ilə bağlı məsələyə baxılacağını vəd etmişdi.

Xəbər lenti

Xəbər lenti