...

Fazil Qəzənfəroğlu: "Bəzi müxalifət partiyaları MSK-da təmsil olunmasa belə komissiyalar legitim sayılacaq"

Siyasət Materials 13 Yanvar 2006 17:04 (UTC +04:00)

"Parlament seçkisində qalib gəlmiş bütün müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına nümayəndələrini göndərməlidir". Bu fikirləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, müxalifətçi millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

O, qeyd edib ki, Böyük Quruluş Partiyası İbrahim Məmmədovu MSK-ya öz nümayəndəsi təyin edib. F.Qəzənfəroğlunun fikrincə, seçki komissiyalarında təmsil olunmaq istəməyən digər müxalifət partiyaları poritet əsaslarla formalaşdırma prinsipini bəhanə gətirməməlidirlər: "Əgər həmin partiyalar nümayəndələrini təqdim etməsələr belə, seçki komissiyaları legitim sayılacaq. Çünki hazırda parlamentdə təmsil olunan müxalifət partiyaları MSK-ya öz nümayəndələrini veriblər. Müxalifətçilər təkcə xarici qüvvələrin, başqa dövlətlərin səfirliklərinin müəyyən elədiyi qüvvələr deyil. Parlamentdə öz fikirlərinə, düşüncə tərzinə görə müxalifət olan qüvvələr təmsil olunur"-deyə F.Qəzənfəroğlu vurğulayıb.

Digər müxalifətçi millət vəkili Sabir Hacıyev də hesab edir ki, müxalifət partiyaları seçki komissiyalarında təmsil olunmalıdırlar: "Əgər müxalifətə komissiyalarda təmsil olunmaq imkanı yaradılıbsa, bu hüquqdan istifadə edilməlidir". Sabir Hacıyevin sədri olduğu Vətəndaş Birliyi Partiyası MSK-ya Tahir Əliyevi öz nümayəndəsi təyin edib. Parlamentdə müxalifəti təmsil edən digər qurum - Ümid Partiyasının isə MSK-ya göndərdiyi nümayəndəsi Akif Qurbandır.

Xəbər lenti

Xəbər lenti