...

Yanvarın 19-da Cenevrədə BMT Komitəsinin 41-ci sessiyası çərçivəsində Azərbaycan hökumətinin iki məruzəsinin müzakirəsi keçiriləcək

Siyasət Materials 14 Yanvar 2006 15:12 (UTC +04:00)
Yanvarın 19-da Cenevrədə BMT Komitəsinin 41-ci sessiyası çərçivəsində  Azərbaycan hökumətinin iki məruzəsinin müzakirəsi keçiriləcək

Yanvarın 19-da Cenevrədə BMT-nin uşaq hüquqları Komitəsinin 41-ci sessiyası çərçivəsində Azərbaycan hökumətinin BMT "Uşaq hüquqlarına dair Konvensiya"sı üzrə ikinci və üçüncü dövri məruzəsinin müzakirəsi keçiriləcək. Trend bildirir ki, yanvarın 14-də məruzələrin açıq müzakirəsində AR XİN başçısının müavini Xələf Xələfov bu barədə bəyan edib.

X.Xələfov Azərbaycanın Nazirlər Kabinetinin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar barədə danışıb. O, xatırladıb ki, Azərbaycanın Milli Məclisi (parlament) 1991-ci ilin iyunun 21-də uşaq hüquqlarının müdafiəsinə dair BMT-nin uşaq hüquqlarına dair 1989-cu il tarixli Konvensiyası ilə təsdiq edilən qanun qəbul edib. X.Xələfovun sözlərinə görə, Azərbaycan hökumətinin 1995-ci ildə BMT-nin uşaq hüquqları Komitəsinin müzakirəsində təklif edilmiş birinci dövri məruzəsi müsbət qiymətləndirilib və bunun əsasında respublika Nazirlər Kabinetinə yeni tövsiyələr işlənib-hazırlanıb. Hökumətin qərarı ilə fəaliyyət planı qəbul edilib və işçi qrupu formalaşdırılıb.

"BMT-nin Konvensiyanın yerinə yetirilməsi üzrə başlıca tövsiyələrindən biri onun mətninin tərcüməsi və yayılması idi ki, bu da qısa müddət ərzində icra edilib"-deyə XİN başçısının müavini bildirib və Heydər Əliyev Fondunun yetişməkdə olan nəslə dəstəyində fəaliyyətini çox yüksək qiymətləndirib.

X. Xələfovun sözlərinə görə, amma həmin sahədə problemlərin tamamilə aradan qaldırılmasından danışmaq düzgün olmazdı. "Bugünkü gündə Azərbaycan 300 min qaçqın və məcburi köçkün uşağın problemlərini həll edir"-deyə xarici işlər nazirinin müavini bildirib və həmin sahədə beynəlxalq strukturların dəstəyini təqdir edib.

Debatlarda bir neçə nazir müavinləri, baş prokurorun müavini, QHT liderləri iştirak edib.

Qeyd edək ki, BMT-nin uşaq hüquqları Komitəsinin 41-ci sessiyası yanvarın 9-da Cenevrədə başlayıb və 2006-cı il yanvarın 27-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti