...

Türkiyənin baş naziri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Yanvar 2006 11:55 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 17-də iqtidardakı Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Əli Əhmədov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Türkiyə hökumətinin başçısı öz növbəsində onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Rəcəb Tayyib Ərdoğan görüşdə iki partiya arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.

Səfərin uğurla keçdiyini və Yeni Azərbaycan Partiyasının Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası ilə çox yaxın əlaqələrinin mövcudluğunu qeyd edən Əli Əhmədov, Böyük Millət Məclisində olduqlarını və plenar sessiyada millət vəkilləri tərəfindən ayaq üstə və alqışlarla qarşılandıqlarını ölkəmizə olan qardaş münasibətin təzahürü kimi dəyərləndirib.

O, iki dost partiya nümayəndələrinin tez-tez görüşdüyünü və ölkələrimiz, həmçinin, partiyalar arasında həlli vacib olan məsələləri müzakirə etdiyini diqqətə çatdırıb. Ə.Əhmədovun sözlərinə görə, səfərin əsas məqsədi əlaqələri daha da möhkəmlətmək üçün məsləhətləşmələr aparmaqdır.

YAP nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti