...

Penitensiar sistemində yüksək vəzifədə çalışmış 9 nəfərdən ibarət cinayətkar qrupun məhkəməsi keçiriləcək

Siyasət Materials 19 Yanvar 2006 14:36 (UTC +04:00)

Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə penitensiar sistemdə yüksək vəzifədə çalışmış 9 nəfərdən ibarət cinayətkar qrupun məhkəməsi keçiriləcək. Bu barədə Trend ə artıq iş materiallarını öz icraatına qəbul etmiş hakim Azər Orucov məlumat verib.

Hakimin sözlərinə görə, mühakimə olunacaq şəxslər arasında 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfov, həmin müəssisənin xüsusi şöbəsinin sabiq rəisi Vaqif Şükürov, Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev də var.

Həmin şəxslər Ali Məhkəmə adından saxta sənəd tərtib edərək həmin müəssisədə cəza çəkən ümumilikdə 18 dustağı azadlığa buraxmaqda təqsirli bilinirlər. İstintaq yolu ilə şöbə rəisi V.Şükürovun saxta sənəd tərtib etməsi və rüşvət alması, müəssisə rəisi Salman Nəcəfovun saxta məhkəmə sənədlərini araşdırmadan icraya yönəltməsi, müalicə müəssisəsinin rəisi Nizami Nağıyevin isə məhkumların cinayətlərinin ağırlığını araşdırmadan onların şərti azadlığa buraxılmasında iştirak etməsi sübuta yetirilib.

Təqsirləndirilənlərə qarşı yekun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 (mütəşəkkil dəstə tərəfindən özgəsinin əmlakının mənimsənilməsi), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvətalma) və 310.3 (vəzifə saxtakarlığı) maddələri irəli sürülüb.

Hakim onu da bildirib ki, iş materialları onun icraatına yeni verildiyi üçün hələlik məhkəmə iclasının keçiriləcəyi tarix müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti