...

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ən azı üç mühüm amil nəzərə alınmalıdır

Siyasət Materials 19 Yanvar 2006 16:02 (UTC +04:00)

Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla Trend in eksklüziv müsahibəsi

- 2005-ci ildə xarici siyasət fəaliyyətinin yekunlarını necə qiymətləndirirsiniz?

- 2005-ci il müstəqil Azərbaycan Respublikası üçün bir çox sahələrdə, o cümlədən, xarici siyasətində ən uğurlu il olmuşdur. 2005-ci ildə Azərbaycan prezidenti ölkənin xarici siyasətində konseptual istiqamətlərdə - Avropa ölkələri, MDB-nə üzv olan ölkələrlə, eyni zamanda bir sıra ərəb və Şərq ölkələri ilə əlaqələrin təməlini yenidən möhkəmlətdi, ikitərəfli münasibətlərin inkişafı üçün çox güclü bir zəmin yaratdı. Eyni zamanda, Azərbaycanla həmin ölkələr arasında iqtisadi siyasi və digər əlaqələrin güclənməsinə bir təkan verdi və xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində onların əksəriyyətinin birmənalı dəstəyini aldı. Həmçinin, Azərbaycan prezidenti 2005-ci il ərzində bir sıra müxtəlif beynəlxalq tədbirlərdə də iştirak etməklə həmin istiqamətdə öz uğurlarını daha da möhkəmləndirdi. 2005-ci il bu mənada Azərbaycana bir regional lider kimi nüfuzunun möhkəmlənməsinə xidmət etdi və bunu təmin etdi.
Eləcə də, Azərbaycanın xarici siyasətinin əsas hissəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təşkil etsə də, - bu, ümumi fonda həmişə var və özünü daim nümayiş etdirir - amma müəyyən mənada beynəlxalq birlikdə öz nüfuzunun artması prosesinin tam mənasında Azərbaycan bir müstəgil dövlət kimi yetişib. Azərbaycanın regionda lider olması heç kimdə şübhə doğurmur. Bu baxımdan bir neçə məsələni mütləq qeyd etmək lazımdır. Bunlardan ən əsası 2005-ci ildə Bakı-Tbilisi-Geyhan əsas ixrac boru kəmərinin Azərbaycan, eləcə də Gürcüstan ərazisində, gələcəkdə Türkiyədə həyata keçiriləcək açılışı Azərbaycanın xarici siyasətində və beynəlxalq əməkdaşlıq çərçivəsində ən böyük uğurlarından biri hesab edirəm. Bütün bunların davamı kimi Bakı-Tbilisi-Ərzurum və Qars-Tbilisi-Bakı dəmiryol xətti də reallaşacaq. Bu dəmir yolu layihəsi ilə bağlı müxtəlif maneələrin olmasına baxmayaraq, o mütləq həyata keçiriləcək. Belə maneələr həmişə olub. Amma gördüyünüz kimi, bu maneələr rəqiblərimizin nə qədər güclü olmasına baxmayaraq uğurla dəf edilib. Bütün bunları nəzərə alaraq mən belə hesab edirəm ki, 2005-ci ildə Azərbaycanın xarici siyasəti özünü konseptual formada çox güclü şəkildə göstərmiş və ölkənin xarici siyasəti məhz müstəgil bir xarici siyasət kursu kimi özünü büruzə vermişdir.
Onu da mütləq qeyd etmək lazımdır ki, dünyanın bütün dövlətlərində mütəxəssislər, politoloqlar, şərhçilər Azərbaycanın xarici siyasətinin müstəqil siyasət kursunun olduğunu qeyd edir və bunu bir nümunə kimi göstərirlər. Azərbaycan kimi bir dövlətin geosiyasi mövqedə yerləşdiyini, malik olduğu zəngin təbii sərvətlərini və bir sıra başqa geosiyasi, geostrateji amilləri nəzərə alsaq deyə bilərik ki, belə bir siyasətin həyata keçirilməsi doğurdan da böyük bir istedad və məharət tələb edir. Bu da ümumilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır və bu gün həmin siyasət həmin zəmin üzərində prezident İlham Əliyev tərəfindən çox uğurla, ustalıq və qətiyyətlə həyata keçirilir. Bütün bunlar çox vacib məsələlərdir.
Bu xarici siyasət kursunda bizim əsas istiqamətimiz Avropaya, Avroatlantika strukturlarına, Qərbə inteqrasiyadır. Bunlar çox mühüm proseslərdir. Belə ki, bir tərəfdən həm Avropa, Avroatlantik strukturlarına, Avropa İttifaqına iqteqrasiya proseslərində də bizim elə bir nəzərəçarpan problemlərimiz olmayıb. Digər tərəfdən qonşu ölkələrlə, o cümlədən MDB-yə üzv olan dövlətlərlə münasibətlərimiz normal inkişaf edir. Və bildiyiniz kimi, ötən ilin sonlarında Azərbaycan Respublikasının prezidenti əvvəllər həm Şərq, ərəb ölkələri, o cümlədən Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və başqa ölkələrə səfərlər etməsinə baxmayaraq, İslam Konfransı Təşkilatının üçüncü fövqaladə sammitinin zirvə görüşündə də 10-a yaxın dövlət başçısı ilə görüşlər keçirdi və dövlət başçıları ilə əsas məramı ikitərəfli münasibətləri daha da inkişaf etdirməsi, möhkəmlənməsi və bunları da həyata keçirmək üçün müxtəlif dövlətlərə, məsələn, Malayziya, İndoneziya, Bruney, Pakistan, Əfqanistana səfərlərin həyata keçirilməsi qərara alındı. Bu da 2006-cı ildə konseptual xarici siyasət kursunun tamamlanması üçün çox böyük fürsət olacaqdır.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yola saldığımız ili necə qiymətləndirmək olar?

- 2005-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi prosesi də özünün büruzə verdi. Və bununla da demək olar ki, Ermənistan tərəfinin beynəlxalq birlik tərəfindən təcrid olunma prosesini aşkara çıxardı. Ümumilikdə, bu proseslər bütün mərhələlərdə, istiqamətlərdə baş verdi. Mən 2005-ci ilin əvvəlindən etibarən İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini tamamilə və birmənalı dəstəklədiyni qeyd etmək istəyirəm. Lakin Dağlıq Qarabağdakı qurumun separatçı olmasının qəbul edildiyi, Azərbaycan ərazilərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunması faktının təsdiqləndiyi və bu ərazilərdə etnik təmizlənməsinin aparılması faktının təsdiqlənməsi ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə xüsusi yer tutur. Bu çox güclü addım idi. Həmin proses bu gün də müsbət bir meyl kimi davam edir və bundan sonra da həmin mötəbər təşkilatlar bu məsələ ilə bağlı problemlərdə Azərbaycanın mövqeyini qabarıq şəkildə göstərməkdədir.
Ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxarıldı. Bu müzakirələr hələlik açıq qalsa da, bu, Dağlıq Qarabağ problemində beynəlxalq birliyin mövqeyinin formalaşması nöqteyi nəzərindən çox mühümdür. Məhz bütün bunların nəticəsi olaraq ATƏT-in, Avropa İttifaqının, eləcə də bir çox ölkələrin mövqelərində də Azərbaycanın mövqeyinin dəstəklənməsi meylləri güclü şəkildə görünür və bü gün biz artıq son bir ay ərzində müxtəlif dövlətlərin rəhbərlərinin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin münaqişənin həlli ilə bağlı maraqlarının qabarıq şəkildə ortaya qoyulması faktını görürük və artıq əvvəlki illərlə müqayisədə prosesin güclənməsi görünür. Bu proses Azərbaycan rəhbərliyinin mütəmadi və sistematik səylərinin nəticəsidir.
Mən burada bir məsələni qeyd etmək istəyirəm. Ümumiyyətlə, bu münaqişənin həlli ilə bağlı ən azı üç güclü amil nəzərə alınmalıdır. Bunlardan birincisi, Azərbaycanın münaqişənin həlli ilə bağlı siyasi iradəsini nümayiş etdirməsindən ibarətdir və bu amil son illər daha da güclənib. İkincisi isə beynəlxalq birliyin, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyinin maraqdan tələbə çevrilməsi prosesidır. Artıq beynəlxalq birlikdə bu maraq həddindən artıq güclüdür və bu yavaş - yavaş bir tərəfdən Ermənistan rəhbərliyinə təzyiq, ikinci tərəfdən isə tələb formasına çevrilir. Üçüncüsu, Ermənistan rəhbərlərinin artıq oz əvvəlki iddialarından, avantürist mövqelərindən əl çəkib, dünyada və regionda gedən prosesləri düzgün qiymətləndirərək konstruktiv mövqe tutmasının vaxtı çatıb. Və bunlar çox güclü amillərdir. Bunlardan birinci müsbət mənada mövcuddur, bu, həmişə ortaya qoyulub. İkincisi, Azərbaycanın xeyrinə formalaşmaqdadır. Mənim fikrimcə, üçüncüsü də bu ikisinin təsiri altında gec-tez formalaşmalıdır. Bunların nəticəsi olaraq, müxtəlif missiyaların Azərbaycana gəlməşi, prezidentlərin və xarici işlər nazirlərinin görüşlərinin təşkil olunması, Minsk Qrupu həmsədrlərinin regiona gəlməsi və s. bu prosesi artıq intensivləşdirib. Elə buna görə də düşünürəm ki, bu münaqişənin həlli istiqamətində hamı 2006-cı ili bir ümüd yeri kimi görür.

- Fevral ayında Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı razılaşmanın imzalanacağının mümkünlüyü barədə bəyanatlar səslənir. Bu cür bəyanatlar nə dərəcədə realdır?

- Azərbaycan rəhbərliyi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı kəskin narazılığını ifadə edib. Hətta əks halda onların vasitəçiliyindən imtina edilməsinin zəruriliyi haqqında bəyanatlar da səsləndirilib. Bunun nəticəsi olaraq ATƏT-in MQ-nun həmsədrləri 2005-ci ildə fəallıqlarını artırıblar. Onlar regiona bir neçə dəfə səfər ediblər, iki dəfə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüblər. Bununla yanaşı, xarici işlər nazirləri ilə görüşlər də həyata keçirilib. Və bununla da sülh prosesi intensivləşib. Buna təkan verən bir sıra səbəblər var. Azərbaycan prezidentinin münaqişənin nizamlanması ilə bağlı bütün fəaliyyəti respublikanın mövqeyinin mütəmadi olaraq güclənməsinə yönəlib. Bir sıra çoxlu amillər arasında Azərbaycanın regionda lider olması, beynəlxalq əməkdaşlıqda aparıcı rol, iqtisadi potensialın və ordunun güclənməsi, dövlət büdcəsinin möhkəmləndirilməsi də var. Bütün bunlar Azərbaycan üçün müstəsna rol oynamaqla yanaşı, Ermənistana da güclü təsir göstərir. Bu yarışdır, rəqabətdir və Ermənistan bu rəqabətə davam gətirmir və davam gətirə bilməyəcək. Digər tərəfdən dünya ölkələri ilə aparılan danışıqlar, Azərbaycan prezidentinin mövqeyi və buna reaksiya proseslərə təsir göstərən digər güclü amildir. Və bütünlükdə nizamlanma prosesi elə bir vəziyyətə çatıb ki, həm MQ-nun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də digər təşkilatların və ölkələrin rəhbərləri 2006-cı ilə böyük ümid bəsləyirlər. Bu təbiidir və qarma-qarışıq proses deyil. Bu, Azərbaycan rəhbərliyinin, o cümlədən, prezidentin yorulmaz daimi işinin nəticəsidir. Bu nöqteyi-nəzərdən 2006-cı ilin müəyyən addımların qəbul edilə biləcəyi il olması ilə bağlı ehtimallar təbiidir. Lakin burada ilk addımın atılması xüsusi əhəmiyyət kəsb edir və bundan sonra prosesi dayandırmaq mümkün olmayacaq. Amma Ermənistan rəhbərliyi öz xalqını fəlakətə aparan avantürist siyasətini dövrü olaraq həyata keçirməklə bütün bunlara maneə olmaqda davam edir. Əgər Ermənistan rəhbərliyi ilə sağlam düşüncə əsasında qərar qəbul etmək mümkün olarsa, onda 2006-cı il ən uğurlu illərdən biri ola bilər.
Bununla yanaşı, mən Azərbaycan və Ermənistan prezidentlərinin cari ildəki ilk görüşündə hər hansı bir razılaşmanın imzalanacağını real hesab etmirəm.

- 2006-cı ildə respublikanın xarici siyasət prioritetlərini necə görürsünüz?

- 2006-cı ildə Azərbaycanın xarici siyasətində şübhəsiz ki, müəyyən prioritetlər öz əksini tapacaq və bununla yanaşı, xarici siyasət kursu balanslaşdırılmış olacaq. Bu il də Şərq ölkələri ilə əlaqələrə mühüm əhəmiyyət verılməsı davam etdiriləcək. Əməkdaşlığın inkişaf etdiriləcəyi ölkələr sırasına Pakistan, Yaponiya, Əfqanıstan və digər ölkələri daxil etmək olar. Lakin bu o demək deyil ki, Avropa, MDB və Qərblə əlaqələr zəifləyəcək. Əlbəttə, yox. Onlarla əməkdaşlıq davam etdiriləcək, bu ölkələrin rəhbərlərinin qarşılıqlı səfərləri olacaq.
2006-cı ildə ötən il əsası qoyulan beynəlxalq təşkilatlar çərçivəsində proseslər davam etdiriləcək. Hal-hazırda həmin proseslər Avropa Şurasında davam etdirilir. Ermənistan Azərbaycan Dağlıq Qarabağ problemi üzrə orada hazırlanmış hesabatda əvvəlki qətnamə və qərarlarda qeyd olunan müəyyən maddələr saxlanılıb ki, bu da Azərbaycanın mövqeyini daha çox gücləndirir və möhkəmləndirir. Qarşıda ATƏT-in müəyyən missiyasının, ATƏT-in fəaliyyətdə olan sədri və həmsədrlərin regiona səfərləri, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün davam etdirlməsi prosesi gözlənilir. Bütün bunların əsası 2004-2005-ci illərdə qoyulub. Bu proseslərin BMT çərçivəsində davam etdirilməsi ilə yanaşı, işğal olunmuş Azərbaycan ərazilərinin məskunlaşması məsələsi açıq qalır. Biz istənilən vaxt bu məsələni qaldıra bilrik. Bu kifayət qədər mühüm amildir və biz ondan istifadə edəcəyik.
Bundan əlavə, Moldovada keçirilən GUAM sammitində Azərbaycan prezidenti ərazi bütövlüyü ilə bağlı problemlərə malik olan və münaqişələrə cəlb edilmiş BMT ölkələrinə birgə müraciət təşəbbüsü ilə çıxış etdi. BMT-nin buna ilk dəfə müsbət reaksiya verməməsinə və gündəliyə daxil etməməsinə baxmayaraq, başlıcası məhz ilk addımın atılması idi. Bu, həmin məsələnin ikinci və ya üçüncü dəfə müsbət cavab tapmayacağı demək deyil. Daha doğrusu, gələcəkdə bütün tərəflər qətiyyət nümayiş etdirsə, bu qəbul edilə bilər.

- Türkiyə prezidentinin yanvar ayının üçüncü on günlüyündə Azərbaycana səfərinin gedişində hansı məsələlər müzakirə olunacaq?

- Mən deyərdim ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər çox sıx dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləridir. İki ölkəni bir-birinə bağlayan telləri hər hansı digər ölkəyə münasibətdə müqayisə etsək, görərik ki, bunlar ən sıx, ən möhkəm, tarixi, siyasi, iqtisadi baxımdan xüsusilə seçilən əlaqələr, tellərdir. Ona görə də, elə Azərbaycan prezidentinin müəyyənləşdiyi kimi, "bir millət - iki dövlət" prinsipini dəstəkləyən, bir birinə arxa duran bu ölkələrin rəhbərləri vaxtaşırı görüşməlidirlər. Prezident seçiləndən sonra İ.Əliyevin ilk səfərlərindən biri də Türkiyəyə oldu. Bü gün Türkiyə prezidentinin Azərbaycana səfəri şübhəsiz ki, təbii qarşılanmalıdır. Və bu ölkələrin rəhbərlərinin hər il belə səfərlər etmələri normaldır. Çünki maraqların sıx olması, onların vaxtaşırı həm ikitərəfli, həm də çoxtərəfli aspektdə müzakirəsi, bunlarla bağlı məsləhətləşmələrin aparılması, ümumi qərarların, mövqelərin qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Mən 2006-cı ilin bunun üçün daha aktual bir dövr olduğunu düşünürəm. Doğrudan da, Azərbaycanın indiki inkişafı dövründə çağırışlarla bağlı müəyyən məsləhətləşmələrin aparılması bir tərəfdən lazımlıdır. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi, gücləndirilməsi baxımından da belə görüşlər vacibdir. Və nəhayət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, qarşıda gözlənilən proseslərlə bağlı, Türkiyənin qarşısına çıxan problemlər, Avropa İttifaqına üzvlüklə əlaqədar problemlər və digər regional, beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılması, iki qardaş dövlətin başçılarının mövqelərinin tutuşdurulması, fikir mübadiləsinin aparılması baxımından da bu səfər lazımdır, vacibdir, aktualdır. Və həmin səfər zamanı, bütün bu məsələlər və digər problemlər də müzakirə olunacaq.

- 2006-cı il Azərbaycanda Rusiya İli elan edilib. Rəsmi Bakının Rusiya Federasiyası ilə qarşılıqlı fəaliyyətinin səviyyəsi necə qiymətləndirilir?

- Beynəlxalq dövlətlərarası münasibətlərin tarixən formalaşmış və BMT -nin xartiyasında əksini tapmış əsas prinsiplərindən biri də mehriban qonşuluq siyasətidir. Və bu çox vacib məsələdir. Azərbaycanın xarici siyasət kursunun böyüklüyü hamını təəccübləndirir və bunun əldə edilməsinin ustalığı ondan ibarətdir ki, Azərbaycan bu gün müstəqil dövlət kimi həm öz strateji xəttini davam etdirir, həm də öz strateji xətti ilə inkişaf edir, öz yolu ilə Qərb, Avropa strukturlarına inteqrasiya olunur, Qərb dəyərlərini inkişaf etdirir, siyasi-iqtisadi qanunvericilik və digər sahələrdə islahatlar aparır. Ölkəmiz qonşuları ilə çox mürəkkəb bir şəraitdə yaşamasına baxmayaraq yaxşı əlaqələri qorumağı bacarır. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri bir nümunə ola bilər. Bunlardan biri də Rusiya ilə münasibətlərimizdir. Rusiya ilə Azərbaycanın birbaşa əlaqələrinin 180 ildən çox tarixi var. Bu, az bir dövr deyil. Azərbaycanın ərazisi Rusiyanın müstəmləkəsi olaraq onunla birgə yaşayış tərzinə tabe olub. Bu müddət ərzində bizim nə qədər bağlılığımız yaranıb . Bu gün 1 milyon yarıma yaxın azərbaycanlı Rusiyada yaşayır, işləyir. Bu əlaqələr əvvəllər də var idi və indi də davam edir və heç bir maneə, problem yoxdur. İkinci tərəfdən, Rusiya ilə Azərbaycanın siyasi və iqtisadi əlaqələri güclü olub, böyük sərhəddimiz var. Eyni zamanda, həm insan resursları nöqteyi nəzərindən, həm də iqtisadi baxımdan Rusiya çox böyük bir bazardır. Elmi, mədəni, humanitar əlaqələrimiz də çox güclüdür, hətta qohumluq əlaqələri də mövcuddur, mentalitet yaxınlığı da var. Bu əlaqələr yalnız və yalnız Azərbaycanın dövlətçilik maraqlarına və inkişafına xidmət edən əlaqələrdir. Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirir və bu baxımdan ölkəmizlə Rusiya arasında münasibətlər nümunəvidir. İqtisadi əlaqələr güclənir, mal dövriyyəsi getdikcə artır. Bu, iki tərəfin də xeyrinədir və biz bunu davam etdiririk. Bu mərhələlərdən biri də məhz bu ilin Azərbaycanda Rusiya İli olması ilə səciyyələnəcək. Keçən il isə Rusiyada Azərbaycan İli oldu. Biz Rusiya ilə əlaqələri yüksək qiymətləndiririk. Bu münasibətləri saxlamaq üçün əlimizdən gələni edirik.
Azərbaycanda Rusiya İli münasibətilə prezident Vladimir Putin Azərbaycana gələcək, tədbirlərin açılışında iştirak edəcək. Ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirmək üçün hər iki ölkə səylərini əsirgəməyəcək.

- Azərbaycanın xarici siyasət kursunda NATO ilə əlaqələrə hansı yer ayrılıb?

- Bizim seçimimizin əsas istiqamətlərindən biri də NATO ilə əlaqələrin daha da genişləndirilməsi, dərinləşdirilməsi və möhkəmləndirilməsidir. Mən düşünürəm ki, bu istiqamətdə də bizim işlərimiz normal gedir. Bizim müxtəlif sahələrdə NATO ilə əməkdaşlığımız var. Onlar getdikcə genişlənir. Sadəcə olaraq biz bu işləri real həyata keçiririk. Başqa dövlətlər kimi bununla bağlı geniş bir təbliğat kampaniyası aparmırıq. Ermənistan bu yaxınlarda fərdi əməkdaşlığa dair əməliyyat planı ilə bağlı NATO-ya müraciət edib və 10-15 gün ərzində bunu müxtəlif formalarda az qala NATO-ya üzvlük kimi təqdim etməyə başlayıb. Biz artıq bunu 1 il əvvəl etmişik. Azərbaycanın NATO ilə əməkdaşlığa ehtiyacı var və bunu həyata keçirir, öz ordusunu müasir standartlara uyğunlaşdırır, inkişaf etdirir. Eyni zamanda NATO-nun da Azərbaycana ehtiyacı olduğunu desəm, yanılmaram. Çünki bu gün 21-ci əsrdə beynəlxalq münasibətlərin əsas aparıcı mərkəzi olan Avrasiyada gedən prosesləri Azərbaycansız təsəvvür etmək çətindir. Müəyyən mənada bir gün olar, 1 ay, 1 il olar, amma ümumiyyətlə götürəndə, uzun perspektivdə Azərbaycansız bunu həm siyasi cəhətdən, həm ərazi nöqteyi-nəzərdən, həm strateji baxımdan başqa cür təsəvvür etmək mümkün deyil. Çünki söhbət əgər 21-ci əsrdə Avrasiya məkanında münasibətlərin normallaşması, tənzimlənməsi, normal inkişafından gedirsə, Azərbaycanın burada böyük rolu olmalıdır. Azərbaycan həm ərazi, həm din, həm inkişaf nöqteyi-nəzərindən Avropa ilə Şərq arasında mühüm bir körpüdür, mərkəzdir, dayaqdır və çox böyük imkanları olan bir körpüdür. Ona görə NATO-nun da Azərbaycana ehtiyacı var və biz də bunu başa düşürük. Düşünürəm ki, NATO-da bunu anlayırlar və bu əlaqələr xüsusilə inkişaf etdirilməlidir.

Xəbər lenti

Xəbər lenti