...

Səfər Əbiyev: "Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir"

Siyasət Materials 19 Yanvar 2006 16:22 (UTC +04:00)
Səfər Əbiyev: "Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir"

Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu fikri yanvarın 19-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini general Çarlz Uoldla görüşündə səsləndirib.

Görüş zamanı nazir qeyd edib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq həm ikitərəfli, həm də NATO-nün "Sülh Naminə Təfəfdaşlıq" proqramı çərçivəsində davam etdirilir. Hazırda Azərbaycan NATO ilə əməkdaşlığını Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (İPAP) uyğun yerinə yetirir.

Daha sonra Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə general Ç.Uoldla fikir mübadiləsi edib. Nazir qonağın nəzərinə çatdırıb ki, münaqişənin həll edilməməsi regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbidir.

"Azərbaycan bü münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir və əldə etdiyi qeyri-qanuni silah-sursatı işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir. Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli və işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaltmalıdır. Dünya ictimaiyyəti onu buna məcbur etməlidir. Əgər belə olmasa, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər", - deyə müdafiə naziri qeyd edib.

General Çarlz Uold cavab olaraq söyləyib ki, bu məsələnin diplomatik yolla həll edilməsi hər iki dövlətin xeyrinə olardı. ABŞ münaqişənin həlli istiqamətində səylərini artırır.

Xəbər lenti

Xəbər lenti