...

Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov 20 Yanvar faciəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüşüb

Siyasət Materials 19 Yanvar 2006 17:31 (UTC +04:00)

Yanvarın 19-da daxili işlər nazirinin müavini Əsgər Ələkbərov 20 yanvar faciəsində şəhid olmuş daxili işlər orqanı əməkdaşlarının ailə üzvlərini qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini qeyd edib ki, xalqımızın keçdiyi azadlıq və müstəqillik yolu heç də hamar olmayıb, bu enişli-yoxuşlu yollar böyük qırğınlar və faciələrlə yaddaşlarda qalıb. Keşməkeşli tariximizin ən böyük faciələrindən olan 20 yanvar faciəsinə uzun müddət dövlət səviyyəsində düzgün qiymət verilməmiş, yalnız ümummilli liderimiz Heydər Əliyev cənabları cəsarətlə bu hadisəyə ilk siyasi qiymətini vermişdir. Bu hadisələrin xalqımıza qarşı törədilmiş qanlı cinayət faktlı olduğunu bəyan edən dahi öndərimiz o zamanlar informasiya blokadasında olan xalqımızın haqq səsini bütün dünyaya çatdırmışdır.

Daxili işlər nazirinin müavini məlum olaylar zamanı 5 polis əməkdaşının da şəhid olduğunu xatırladıb. Şəhid Valeri Boqdanovun həyat yoldaşı Marina Boqdanova onları həmişə xatırladıqlarına, problemlərinə daim qayğıyla yanaşdıqlarına, maddi və mənəvi kömək göstərdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Əsgər Ələkbərov DİN rəhbərliyi, şəxsən daxili işlər naziri cənab Ramil Usubovun adından şəhid ailələrinə bir daha başsağlığı vermiş, onların bundan sonra da hər cür qayğı ilə əhatə olunacaqlarını, müraciətlərinə diqqətlə baxılacağını qeyd edib.

Tədbirin sonunda şəhid ailələrinə maddi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti