...

Andreas Qrossun təşəbbüsü dəstək tapmayıb

Siyasət Materials 23 Yanvar 2006 19:23 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyasının birinci günü keçirilən iclasda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross çıxış edib və Azərbaycanın PA-dakı parlament nümayəndə heyətinin mandatının "2005-ci ilin 6 noyabrında keçirilmiş parlament seçkilərinin Avropa Şurasının standartlarına uyğun olmaması nəzərə alınaraq" təsdiq edilməməsini təklif edib.Bu barədə Trend AŞPA-nın Strasburqdakı katibliyinə istinadən bildirir.

"Azərbaycanda keçirilmiş seçkilər demokratik deyildi və bununla bağlı olaraq mandatın təsdiq edilməsi məsələsi AŞPA reqlamentləri və səlahiyyətləri Komitəsində müzakirə olunmalıdır"-deyə A. Qross bəyan edib.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında buna etiraz bildirib və qeyd edib ki, həmin məsələ AŞPA Monitorinq Komitəsi tərəfindən müzakirə edilməlidir.

" Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun olaraq keçirilib. Bütün seçki prosesi şəffaf və demokratik olub"-deyə S.Seyidov bəyan edib.

Müzakirələrin yekunlarına əsasən Azərbaycan nümayəndə heyətinin mandatı məsələsinə Monitorinq Komitəsinin yanvarın 25-i, çərşənbə gününə planlaşdırılmış iclasında baxılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sessiyanın bugünkü iclasının gündəliyinə Assambleyanın prezidenti və vitse-prezidentinin seçilməsi, komitə üzvlərinin təyin edilməsi, növbədənkənar proseduraların müzakirəsi, Rusiya Federasiyasında KİV azadlığı, ABŞ-ın Avropada gizli həbsxanalarının yerləşdirilməsi, Avropa şəhərlərində iğtişaşlar və AŞ-nin buna cavabı, eləcə də Belorusdakı vəziyyət kimi məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti