...

ATƏT-in Parlament Assambleyasının sessiyasında Azərbaycanı deputat Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək

Siyasət Materials 24 Yanvar 2006 13:09 (UTC +04:00)

Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, ATƏT-in Parlament Assambleyasının sessiyasında Azərbaycanı deputat Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məlumata əsasən, nümayəndələr sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələlərini müzakirəyə çıxarmağı planlaşdırır.

Sessiyanın Xocalı faciəsinin ildönümü ərəfəsində keçiriləcəyini nəzərə alaraq parlamentarilər tədbir iştirakçılarına 1992-ci il fevralın 26-da ermənilər tərəfindən bu şəhərin dinc sakinlərinin soyqırımı haqqında danışmağı nəzərdə tutub.

Qeyd edək ki, ATƏT PA-nın 5-ci qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək. Daimi komitənin və 3 ümumi komitənin iclaslarından ibarət tədbir "Hofburq" konqres mərkəzində keçiriləcək.

İclas proqramının layihəsinə əsasən, sessiya Daimi komitənin iclası ilə başlayacaq. Daha sonra 3 ümumi komitənin birgə iclası keçiriləcək. İclası ATƏT PA-nın sədri Elsi Qastinqs açacaq. Bundan başqa Avstriya prezidentinin çıxışı və ATƏT-in fəaliyyətdə olan sədrinin məruzəsi gözlənilir.

Elə həmin gün ümumi komitələrin siyasi və təhlükəsizlik, iqtisadi, elmi və digər məsələlər üzrə iclası keçiriləcək. Sessiyanın birinci günü Avstriya parlamentinin təşkil etdiyi qəbulla başa çatacaq.

Sessiyanın ikinci günü ümumi komitələrin demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə iclası ilə başlayacaq.

Bundan başqa Parlament Assambleyasınn sessiyasında ATƏT-in xüsusi nümayəndəsinin gender məsələlərinə dair məruzəsi dinləniləcək, həmçinin, ATƏT-in baş katibinin çıxışı, ATƏT PA-nın baş katibinin məruzəsi və s. gözlənilir.

Xəbər lenti

Xəbər lenti