...

Sabina Freyzer: "Nikbinlik qalmaqdadır, Azərbaycan və Ermənistan prezidentləri "çərçivə sənədi" üzrə razılığa gələ bilər"

Siyasət Materials 24 Yanvar 2006 19:32 (UTC +04:00)
Sabina Freyzer: "Nikbinlik qalmaqdadır, Azərbaycan və Ermənistan prezidentləri "çərçivə sənədi" üzrə razılığa gələ bilər"

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın yanvarın 18-19-da London görüşü fevral danışıqlarının Fransada prezidentlər səviyyəsində keçiriləcəyi haqqında bəyanatla başa çatıb. Prezidentlərin qarşıdakı Fransa görüşü böyük əhəmiyyət kəsb edir, çünki bu görüş 2005-ci ildə Astanada MDB-nin avqust sammiti çərçivəsində aparılmış danışıqlardan sonra dövlət başçılarının birinci görüşü olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Beynəlxalq Böhran Qrupunun (BBQ) layihə rəhbəri Sabina Freyzer bildirib.

"Prezidentlər tərəfindən hərtərəfli sazişin imzalanması mümkün olmasa da, nikbinlik qalmaqdadır, dövlət başçıları "çərçivə sənədi" üzrə razılığa gələ bilər. 1-2 səhifədən ibarət bu sənəd gələcək danışıqlar üçün əsas yarada bilərdi. Bu, öz-özlüyündə çox mühümdür", - deyə S.Freyzer qeyd edib. O nəzərə çatdırıb ki, bu, ATƏT-in Minsk qrupunun dəstəyi ilə keçirilən Praqa prosesi çərçivəsində ikiillik danışıqların yekunu və bir növ Azərbaycanla Ermənistan prezidentləri tərəfindən imzalanmış birinci sənəd ola bilərdi.

"Mən ümidvaram ki, saziş potensial sülh sazişi prinsipləri üzrə ictimai debatlara başlamaq üçün hər iki dövlət rəhbərinin ictimaiyyət arasında yayacağı "ictimai sənəd" olacaq", - deyə BBQ nümayəndəsi əlavə edib.

"Əlbəttə, bu, mürəkkəb, eyni zamanda mühüm debatlar olacaq. Yerli hökumət orqanları vətəndaşlara sülh sazişinin mahiyyəti və münaqişənin sülh yolu ilə nizama salınmasının üstünlükləri haqqında ətraflı məlumat verməlidir", - deyə S.Freyzer sonda bildirib.

Xəbər lenti

Xəbər lenti