...

ATƏT-in başçısı Ermənistan və Azərbaycan prezidentlərinin fevral görüşündə sazişin əldə ediləcəyinə ümid edir

Siyasət Materials 25 Yanvar 2006 18:36 (UTC +04:00)
ATƏT-in başçısı Ermənistan və Azərbaycan prezidentlərinin fevral görüşündə sazişin əldə ediləcəyinə ümid edir

"Mən ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçiriləcək görüşündə Dağlıq Qarabağ probleminin nizama salınmasına dair sazişin əldə olunması mümkün olacaq". Trend bildirir ki, yanvarın 25-də Bakıda keçirilən mətbuat konfransında ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt bu barədə bəyan edib.

Onun sözlərinə görə, ATƏT bundan sonra da həmin münaqişənin həlli istiqamətində öz fəaliyyətini prioritet hesab edəcək. Karel de Quxt əlavə edib ki, əgər Azərbaycan və Ermənistan prezidentləri sazişin hazırlanması üzərində işə başlasa, onda ATƏT həmin sazişin gerçəkləşdirilməsinin bütün aspektlərinin həyata keçirilməsini dəstəkləməyə hazır olacaq.

Münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanı barədə danışan Karel de Quxt deyib ki, ATƏT-in özünün sərəncamında sülhməramlı qüvvələr yoxdur və yerləşdirmə prosesindən öncə öz kontingentini verməyə hazır olan bir sıra dövlətlərlə danışıqlar aparılmalıdır. Onun sözlərinə görə, öncə sülhməramlı qüvvələrin mandatı razılaşdırılmalıdır. Karel de Quxt həm də qeyd edib ki, ATƏT münaqişə zonasında ərazilərin reabilitasiyası və bərpasına dəstək verməyə hazırdır.

ATƏT-in sədri deyib ki, səfərinin məqsədi danışıqlar prosesi məsələlərinə baxılması yox, Ermənistan və Azərbaycan prezidentlərinin fevralda Parisdə keçiriləcək görüşünün müzakirəsidir. Karel de Quxt qeyd edib ki, ATƏT öz fəaliyyətini çoxtərəfli əsasda həyata keçirən bir təşkilatdır və əgər tərəflər ümumi qərara gəlsə biz bunu dəstəkləyəcəyik.

Xəbər lenti

Xəbər lenti