...

Heyki Talvitiye: Cənubi Qafqaz ölkələri "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində danışıqlara eyni vaxtda başlayacaq

Siyasət Materials 27 Yanvar 2006 20:05 (UTC +04:00)
Heyki Talvitiye: Cənubi Qafqaz ölkələri "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində danışıqlara eyni vaxtda başlayacaq

Zaqafqaziyanın hər üç dövləti Avropa Birliyi ilə yaxın mehriban qonşuluq proqramı çərçivəsində fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlara eyni vaxtda başlayacaq. Trend bildirir ki, yanvarın 27-də Bakıda keçirilən mətbuat konfransında AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye bu barədə bəyan edib.

Onun sözlərinə görə, fəaliyyət planlarının mahiyyətinin müxtəlif olmasına baxmayaraq hər üç dövlətin bununla bağlı məsləhətləşmələri başa çatdıra və AB ilə müvafiq sazişləri eyni vaxtda imzalaya biləcəyinə ümid vardır.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına toxunan X. Talvitiye qeyd edib ki, sülh sazişi əldə olunarsa AB münaqişə tərəflərinə mümkün olan köməyi göstərməyə hazırdır.

"Artıq AB həmin istiqamətdə öz dəstəyini yönəltməyə hazır olduğunu bəyan edib. Praqa prosesi davam etdirilir və müəyyən nikbinlik saxlanılır. Amma həll edilməmiş problemlərin olduğunu da qeyd etmək lazımdır" -deyə o qeyd edib.

AB-nin xüsusi nümayəndəsi həm də vurğulayıb ki, AB Xəzər regionundan, xüsusilə Azərbaycandan bazar qiymətinə enerji ehtiyatlarının alınmasında maraqlıdır. "Enerji ehtiyatlarının müxtəlif mənbələrdən alınması AB-nin iqtisadi siyasətinin prioritetini təşkil edir" -deyə o qeyd edib və bildirib ki, Azərbaycan Avropa bazarında enerji ehtiyatlarının potensiallı tədarükçüsü olmaqla yanaşı, həm də Avropa ölkələri istiqamətində regionun digər ölkələrinə enerji ehtiyatlarının göndərilməsinə imkan verən əlverişli geostrateji mövqeyə malikdir.

Türkiyə-Ermənistan sərhədinin açılmasına toxunan H.Talvitiye bəyan edib ki, həmin məsələ yalnız Türkiyə hökumətinin səlahiyyətləri çərçivəsindədir. "Mən başa düşürəm ki, həmin məsələ Dağlıq Qarabağ probleminin nizama salınması və Ermənistanın Türkiyə ilə münasibətlərindəki gərginliklə bağlıdır. Amma qeyd edə bilərəm ki, AB regional layihələrin inkişaf etdirilməsində və Cənubi Qafqazın bütün ölkələrinin Avropaya inteqrasiyasında maraqlıdır" -deyə bildirib.

H.Talvitiye qeyd edib ki, onun regiona hazırkı səfəri sonuncudur və növbəti xüsusi nümayəndənin adı Brüsseldə davam etdirilən məsləhətləşmələrin yekunlarına əsasən müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti