...

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Siyasət Materials 31 Yanvar 2006 16:07 (UTC +04:00)

Yanvarın 31-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib. Trend xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasında 2005-ci ildə hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib ki, ötən il orduya ayrılan xərclər 2004-cü ilə nisbətən 76% artıb. 2006-cı ildə isə bu rəqəm ötən illə müqayisədə 100% artaraq 600 milyon dollara çatıb.

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılıb, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlərin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Belə ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən 2004-cü illə müqayisədə 9,7% çox cinayət hadisəsi qeydə alınıb ki, buna da əsas səbəb qeyri-hərbi cinayətlərin artması olub. Hərbi prokurorluqla Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birlikdə aparılmış məqsədyönlü iş nəticəsində əvvəlki ilə nisbətən hərbi xidmət əleyhinə cinayətlərin sayı xeyli azalıb, ötən illərdən qalan 9 qəsdən adam öldürmə cinayətinin açılması təmin olunub.

Hərbi prokuror daha sonra qeyd edib ki, hərbi prokurorluq tərəfindən cinayət işləri üzrə təqsirləndirilən 72 şəxs barədə İnterpol vasitəsi ilə axtarış elan edilib.

Kollegiya iclasında hərbi prokurorluq orqanlarının öz işini bundan sonra da müasir tələblər səviyyəsində quracağı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti