...

Sumqayıt şəhəri ötən il baş vermiş insan alverinin qurbanlarına görə birinci yerdədir

Siyasət Materials 1 Fevral 2006 17:47 (UTC +04:00)

Sumqayıt şəhəri ötən il baş vermiş insan alverinin qurbanlarına görə birinci yerdədir. Trend məlumat verir ki, bu sözləri fevralın 1-də ATƏT-in Bakı ofisi tərəfindən "İnsan alveri üzrə media müxtəlifliyi" mövzusunda jurnalistlər üçün keçirilən seminarda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, həmçinin ATƏT-in insan alveri üzrə Azərbaycandakı milli koordinatoru Vilayət Eyvazov öz çıxışında söyləyib.

Çıxışını "İnsan alveri - mövcud vəziyyət və buna olan cavablar" mövzusu ətrafında quran nazir müavini qeyd edib ki, insan alverinə görə ikinci yeri Qazax və Gəncə bölüşüb. Ümumilikdə isə Azərbaycanın bütün regionlarında belə faktlar qeydə alınıb.

V.Eyvazov bildirib ki, bu tip cinayətlərə qarşı dövlət səviyyəsində tədbirlər planı həyata keçirilir. "Ötən il ümumilikdə 275 qurban müəyyən olunub" - deyən nazir müavini Bakı şəhəri, Nərimanov rayonu ərazisində insan alverinin qurbanlarının saxlanılması üçün 3 mərtəbəli bina tikilməkdə olduğunu da vurğulayıb.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə Qarşı Mübarizə Şöbəsinin rəisi İmran Nəcəfov isə öz çıxışında qeyd edib ki, insan alverinin qurbanları olan şəxslərin məcburi müalicəsi iki aydan artıqdır ki ləğv olunub. Belə ki, artıq həmin şəxslər şəhərin mərkəzində yerləşən Dəri-Zöhrəvi Xəstəlikləri Dispanserində müayinədən keçə və könüllü şəkildə müalicəyə razılıq verə bilərlər.

İdarə rəisi onu da bildirib ki, yeni fəaliyyət proqramına uyğun olaraq gələcəkdə insan alverinin qurbanı kimi müəyyən edilmiş vətəndaşlara konpensasiyalar ödəniləcək. "Bu konpensasiyalar həm dövlət büdcəsi, həm də fərdi vətəndaşlardan qəbul olunmuş ianələr hesabına ödəniləcək" - deyə rəis qeyd edib.

Tədbirdə o da vurğulanıb ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları hazırda Bakıdadır və ABŞ səfirliyində təhqiqatlar aparırlar. Təhqiqatların aparılmasına səbəb insan alveri məqsədilə bəzi Azərbaycan vətəndaşlarının həmin səfirlikdən əldə etdikləri vizalar və sənədlərlə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti