...

Fəxrəddin Cavadov: Azərbaycanın 10 regionunda müalicə-diaqnostika mərkəzlərinin yaradılması bu sahədə inqilabdır

Siyasət Materials 3 Fevral 2006 13:19 (UTC +04:00)
Fəxrəddin Cavadov: Azərbaycanın 10 regionunda müalicə-diaqnostika mərkəzlərinin yaradılması bu sahədə inqilabdır

Trend in Mərkəzi neftçilər Xəstəxanasının baş həkimi ilə eksklyuziv müsahibəsi

- Böyük tibb müəssisələrindən birinin rəhbəri kimi, Siz Azərbaycanda səhiyyə sahəsində aparılan tədbirləri necə qiymətləndirirsiniz?

- Qeyd etmək istəyirəm ki, artıq 30 ilə yaxındır ki, tibb sahəsində işləyirəm. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də yaxşılaşdırılmasına yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir. Mənim fikrimcə, 2004-2008-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı və həmin proqrama əsasən ölkənin 10 regionunda ölkə prezidentinin sərəncamı ilə müalicə-diaqnostika mərkəzlərinin yaradılması bu sahədə inqilabdır.
Nəzərə çatdırmaq vacibdir ki, 70 illik Sovet dövründə ölkədə tibb müəssisələrinin maddi-texniki bazası köhnəlmiş, avadanlıq uzun müddət dəyişdirilməmişdi. Bu, xüsusilə ölkənin rayonlarındakı xəstəxanalarda müşahidə olunur. Bu xəstəxanalardan çoxunda hətta ultrasəs aparatları və yeni rentgen avadanlıqları, ağır xəstəliklər, məsələn xroniki böyrək çatışmamazlığına məruz qalmış ağır xəstələr üçün zəruri olan adi diaqnostika avadanlığı belə yoxdur.
Regional müalicə-diaqnostika mərkəzlərinin yaradılması əhaliyə Avropa standartları səviyyəsində tibbi xidmət göstərilməsi ilə bağlı əsas problemləri həll etməyə imkan verəcək. Səhiyyədə belə bir müddətə və belə bir səviyyədə baş vermiş sosial inqilabın analoqu yoxdur. Xoşdur ki, prezidentimizin qərarından sonra belə bir tapşırıq Rusiya Federasiyasının prezidenti V.Putin tərəfindən də verilmişdir. Həm də qeyd etmək istərdim ki, respublika səhiyyəsinin idarə edilməsi strukturunun yenidən qurulması, maddi-texniki təminat və digər işlərə başlanılıb. Heydər Əliyev adına Fond əhalinin yoxsul təbəqəsinə çox böyük yardım göstərir və biz hər gün öz klinikamızda bunun şahidi oluruq.

- Bəs bizim ölkəmizdə böyrək çatışmamazlığı olan xəstələrlə bağlı görülən işlər hansı vəziyyətdədir?

- Hamı bilir ki, nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada əhaliyə tibbi xidmətin əsas problemlərindən biri xroniki böyrək çatışmamazlığıdır. Bu, çox ağır xəstəlikdir, bu xəstəliyin müalicəsi zamanı xəstələrə "süni böyrək" aparatı qoşulur, xəstənin böyrəklərinin və qanının vəziyyətindən asılı olaraq dializ seansı aparılır. Xəstənin vəziyyətindən asılı olaraq həftədə bir-üç dəfə seanslar aparılır.
Böyrək köçürülməsinə gəlincə, bu, həm tibbi, həm də hüquqi nöqteyi nəzərdən çox böyük problemdir və əlbəttə ki, maddi cəhətdən də çox xərc tələb edir. Böyrək transplantasiyası əməliyyatları əsasən xaricdə aparılır, bizdə Sovet dövründə belə əməliyyatlar Respublika Uroloji klinikasında aparılırdı. Amma sonradan orqanizmin donorun böyrəyini qəbul etməməsi, donor axtarışı, bir sıra təhlillərin aparılması ilə bağlı ciddi problemlər yaranırdı. Bundan başqa, xəstə bahalı və hər kəsin imkanı daxilində olmayan "Sandimum" preparatını qəbul etməlidir. Əməliyyatdan sonra ilk beş il xəstə hazırda $250 dəyərində olan bu preparatı qəbul etməlidir.

- Ölkəmizdə belə xəstələrin sayı nə qədərdir?

- Ümumdünya Səhiyyə təşkilatının illik göstəricisinə əsasən müxtəlif ölkələrdə 1 mln. əhalinin 800-1200 nəfəri bu xəstəlikdən əziyyət çəkir, bunlardan təxminən 600 xəstəyə gemodializ müalicəsi təyin edilir. Şəkərli diabet böyrək çatışmamazlığını xeyli çətinləşdirir. Azərbaycanda təxminən 55 min nəfər şəkərli diabet xəstəsi olduğu üçün yaxın gələcəkdə təxminən 22 min nəfərin gemodializ müalicəsinə ehtiyac duyacağını proqnozlaşdırmaq olar.
Hazırda 576 xəstə dializ müalicəsi alır, bunlardan 485 nəfər dövlət hesabına müalicə alır, təxminən 100 xəstə isə pulsuz gemodializ müalicəsi almaq üçün növbədədir.

- Belə xəstələrin dializlə təmin edilməsi üçün konkret olaraq hansı işlər aparılır?

- Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionlarda həyata keçirilən yeni diaqnostika mərkəzlərinin inşası layihəsini xüsusilə qeyd etmək istəyirəm. Bundan öncə qeyd etdiyim problemlərə gəlincə, 2005-ci ildə dövlət başçısı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (AR DNŞ) regionlarda müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi ilə bağlı sərəncam verib.

- Hazırda müalicə-diaqnostika mərkəzlərinin inşası hansı mərhələdədir?

- Prezidentin sərəncamına əsasən mərkəzlərin inşası layihəsinə Lənkəranda başlanılıb. Lənkəranda tibb müəssisəsinə baş çəkən dövlət başçısı çıxışlarından birində bütün diaqnostik avadanlığın köhnəldiyi bu binaların yararsız vəziyyətini qeyd etmişdi. Bu gün Lənkəranda üç mərtəbəli binanın inşası artıq başa çatıb və naxış işləri aparılır. Tibb müəssisəsinin açılışı 2006-cı ilin may ayına planlaşdırılıb. Bundan başqa, 9 mərkəzdə - Gəncə, Qazax, Zaqatala, Quba, Qəbələ, Əli-Bayramlı, Naxçıvanda və s. binaların təməli qoyulub və tikinti işləri başlayıb. Bütün avadanlıq sifariş edilib.

- Mərkəzlər üçün avadanlıq haradan alınır?

- AR DNŞ "Simens" və "Frizenius" şirkətləri ilə saziş imzalayıb. Hər bir mərkəz üçün avadanlığın alınmasına $2 mln. həcmində vəsait ayrılıb.
Respublika prezidentinin layihəsinə əsasən bu tibb müəssisələrinin hər birində 10 "süni böyrək" aparatına malik dializ şöbələri, təcili yardım, yeni avadanlıqlar (ultrasəs aparatları, kardioqrafiya, exokardioqrafiya, göz xəstəlikləri diaqnostik aparatları, LOR- xəstəlikləri üçün aparatlar) olan funksional diaqnostika şöbələri fəaliyyət göstərəcək. Əsas odur ki, bu müəssisələrdə şüa diaqnostikası şöbəsi (kompyuter tomoqrafiyası üçün aparatlar, rentgen və s.) yerləşəcək. Qeyd etmək istəyirəm ki, hətta Bakıda cəmi 2-3 tibb müəssisəsində belə aparatlar vardır. Bundan başqa, Gəncə və Naxçıvanda nüvə- maqnit rezonansı aparatları quraşdırılacaq. Naxçıvan MR-in blokadada olması nəzərə alınmaqla burada kardiocərrahiyə şöbəsinin fəaliyyəti də nəzərdə tutulur.

- Əgər nəzərə alsaq ki, layihə regionların inkişafı Dövlət proqramına uyğun olaraq həyata keçirilir, onda nə qədər yeni iş yerinin açılması planlaşdırılır?

- İstismara verildikdən sonra bu mərkəzlərin hər birində təxminən 200-250 nəfər işləyəcək. Bundan başqa, regionlarda işlər AR DNŞ-in müvafiq müqavilələr imzaladığı müxtəlif şirkətlər tərəfindən həyata keçirilir. Hazırda Lənkəranda inşa edilən binanın tikintisində 200-300 nəfər işləyir, onların 90%-i yerli sakinlərdir. Digər regionlarda da vəziyyət belədir.

- Bu yeni tibb müəssisələrində işləyəcək tibb personalının hazırlığı ilə bağlı işlər necə aparılır?

- Kadr hazırlığı layihəyə əsasən aparılır. Belə ki, məsələn Lənkəran diaqnostika mərkəzi üçün bir sıra mütəxəssislər, əsasən kompyuter tomoqrafiyasında iş üçün, eləcə də nefroloqlar, dializ şöbəsi üçün tibb bacıları bizim xəstəxanada hazırlanıb. Bundan başqa, bu günlərdə bizim səhiyyə naziri Oktay Şirəliyevlə görüşümüz oldu və biz həmin layihə ilə bağlı müzakirələr apardıq. Kadr hazırlığı planına müvafiq olaraq nazirin müvafiq sərəncamı vardır.

- Bu mərkəzlərdə tibbi xidmətlərin haqqı necə olacaq?

- Hazırda bu məsələ ilə bağlı heç bir dəqiq məlumat yoxdur.Amma mən ümid edirəm və inanıram ki, bu tibb müəssisələri əhaliyə pulsuz xidmətlər göstərəcək. Həm də qeyd etmək istəyirəm ki, dializ proseduraları hazırda Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına aparılır. Bu proseduralar çox bahalıdır və əhali hər həftə bu vəsaiti ödəyə bilməz. Misal olaraq demək olar ki, bir seansın qiyməti ən azı $100 təşkil edir.
Bundan başqa, məsələn bizim Siyəzəndə öz filialımız vardır və orada xidmətlər pulsuzdur. İndiyədək bu xəstəxanada həm neftçilər, həm də əhaliyə xidmətlə bağlı 144 cərrahiyə əməliyyatı, 89 göz əməliyyatı, müayinələr aparılıb. Burada neftçilərin payı təxminən 20% təşkil edir. Bu xəstəxanada 21 694 müayinə və 33 772 həkim baxışı həyata keçirilib.

- Sizcə, yeni tibb müəssisələrinin istismara verilməsi əhaliyə nə verəcək?

-Belə mərkəzlərin inşası regionlarda xəstələrə xidmətlə bağlı bütün problemləri həll edə bilər. Bu regional mərkəzlərin köməyilə böyrək çatışmamazlığından əziyyət çəkən xəstələr üçün dializ problemi həll ediləcək. Fikrimcə, regionlarda belə obyektlərin inşasının əhəmiyyəti həm də Bakıya gəlmək üçün kifayət qədər vaxt və xeyli yol xərci sərf etmiş insanların yerlərdə müvafiq tibbi xidmətlər ala bilməsində də özünü göstərir.
Həm də Azərbaycanın müharibə şəraitində bir ölkə olduğunu diqqətə çatdıraraq qeyd etmək lazımdır ki, bu, respublika rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş mühüm addımdır. Mən çox şadam ki, ölkənin regionlarında bu səviyyədə tibb strukturları fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti