...

Nardaranda etiraz aksiyası başlanıb

Siyasət Materials 3 Fevral 2006 15:54 (UTC +04:00)

Fevralın 3-də Bakının Nardaran qəsəbəsində qəsəbə sakinlərinin etiraz aksiyası başlanıb. Trend xəbər verir ki, aksiyada təqribən 800-900 nəfər qəsəbə sakini iştirak edir.

Aksiyada çıxış edənlər fevralın 27-də keçirdikləri aksiya zamanı səsləndirdikləri tələblərini təkrarlayıblar. Həmin tələblər yanvarın 26-da qəsəbə ərazisində baş vermiş vətəndaş-polis qarşıdurması zamanı həbs olunan qəsəbə sakinləri İlham Quliyevlə Həsən Əzimovun həbsdən azad olunmalarından, bu faktla əlaqədar axtarışda olan digər 4 nəfər barədə isə axtarış qərarının ləğv edilməsindən ibarətdir.

Çıxış edən qəsəbə sakinləri həmçinin həbsdə olan Həsən Əzimovun Sabunçu rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını və çənəsinin sındırıldığını söyləyiblər.

Lakin Sabunçu Rayon Polis İdarəsinin rəisi Toğrul Rəhimov Trend ə verdiyi açıqlamasında bildirib ki, bu xəbər cəfəngiyyat xarakteri daşıyır. Tutulan şəxslərə qarşı Polis İdarəsində heç bir zorakılıq hərəkəti tətbiq olunmayıb. "Hazırda həmin şəxslər Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyində olan və Böyükşorda yerləşən Müalicə Müəssisəsində müalicə olunurlar. Çünki məlum olduğu kimi, polislərlə atışma zamanı onların hər ikisi ayağından güllə xəsarəti alıb".

Qeyd edək ki, yanvarın 26-da Nardaran qəsəbəsində baş vermiş silahlı qarşıdurma zamanı iki polis nəfəri qətlə yetirilmiş, polislərə atəş açmış iki qəsəbə sakini isə yaralanmışdı. Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti